![]()
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Ələsgərov və Numrəddin Hüseynovla Mentorluq proqramı çərçivəsində yenidən bir araya gəlib.
Görüşdə gənc liderlərin peşəkar fərdi inkişaf planları və bu istiqamətdə atılan praktiki addımlar müzakirə edilib.
Görüş zamanı müəyyən olunmuş hədəflərin real iş mühitinə uyğunlaşdırılması və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi məsələləri ətraflı nəzərdən keçirilib. Rəhman Hacıyev qaliblərin potensialının reallaşdırılması və müasir idarəçilik yanaşmalarının tətbiqi ilə bağlı tövsiyələrini bölüşüb.
Kamran Ələsgərov və Numrəddin Hüseynov şəxsi inkişaf prosesində onlara göstərilən diqqət və mentor dəstəyinə görə Rəhman Hacıyevə təşəkkürlərini bildiriblər. Onlar mütəmadi görüşlərin peşəkar yüksəliş və yeni idarəçilik vərdişlərinin dərindən mənimsənilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir.
Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.



Subyekt.az