![]()
Dünyada hər il yüz minlərlə insan orqan çatışmazlığı səbəbindən həyati təhlükə ilə üz-üzə qalır. Halbuki bir insanın verdiyi qərar bir neçə nəfərin həyatını xilas edə bilər. Ölümdən sonra orqan donorluğu təkcə tibbi prosedur deyil, həm də humanizm, fədakarlıq və empatiya nümunəsidir.
Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin məzunu, hazırda isə Müalicə işi fakültəsinin 5-ci kurs tələbəsi olan Fidan Hacıyeva yalnız gələcəyin həkimi kimi deyil, həm də həyatın dəyərini anlayan bir insan kimi mühüm bir qərar verib: orqanlarını bağışlayıb.
Fidan bu qərarını belə izah edir:
“Bəlkə də bu addımım insanlara kömək etmək kimi humanist bir seçim kimi görünür. Amma mənim üçün bu, eyni zamanda özümə verdiyim böyük bir stimul oldu. Qərarı verdiyim gündən özümü daha dəyərli və faydalı hiss edirəm.”
Onun fikrincə, ölümdən sonra orqan donorluğu barədə cəmiyyətin tərəddüdlərinin aradan qaldırılması üçün insanların bir-birini daha çox anlamağa çalışması vacibdir. Fidan empatiyanın önəmini vurğulayaraq deyir:
“Bir anlıq təsəvvür edin: özünüzün və ya sevdiyiniz bir insanın orqana ehtiyac olsa və donor tapılmasa? Yaşamağa davam etmək mümkün ikən, hansısa tərəddüd buna mane olsa? Təsəvvür edin ki, sizə və ya yaxınınıza donor lazım olur, amma heç kim bu addımı atmır.”
Fidan Hacıyeva üçün bu qərar yalnız başqalarına həyat bəxş etmək istəyi deyil, həm də özünə verdiyi bir vəddir:
“Bu, mənim üçün daha sağlam, daha faydalı və daha dəyərli yaşamaq deməkdir.”
Subyekt.az