![]()
25 oktyabr 2020-ci il – bu tarix Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılıb. Məhz bu gün Qubadlı şəhəri və bir sıra kəndlərimiz Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad edildi. 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan doğma torpaqlarımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi zamanı qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində azadlığa qovuşdu.
Qubadlının azad olunması Azərbaycan Ordusunun cəbhədə qazandığı ən mühüm strateji nailiyyətlərdən biri idi. Bu qələbə Zəngilanın azadlığından sonra Laçın və Şuşa istiqamətində əməliyyatların uğurla davam etdirilməsinə geniş yol açdı. Qubadlının işğaldan azad edilməsi təkcə hərbi yox, həm də mənəvi baxımdan böyük qələbə idi — xalqımızın ədalətli mübarizəsinin, birliyinin və əzminin təntənəsi oldu.
Bu gün Qubadlıda yenidənqurma və bərpa işləri sürətlə davam edir. Azad edilmiş şəhərdə yeni yollar, məktəblər, yaşayış binaları inşa olunur. Doğma yurduna qayıtmaq üçün səbirsizliklə gözləyən qubadlılılar yaxın gələcəkdə yenidən öz torpaqlarında yaşamaq xoşbəxtliyini dadacaqlar.
Bu əziz gündə biz torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik. Qələbəni bizə bəxş edən igidlərimizin ruhu şad olsun!

Qarabağ Azərbaycandır!
Rövşən Hüseynli
Subyekt.az