![]()
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən qastrol proqramı çərçivəsində martın 19-da saat 20:00-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert təşkil olunacaq.
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası təqdim ediləcək. Eyni zamanda konsertdə Azərbaycan Dövlət Xor Kapellası və Xalq artisti, baş xormeyster Gülbacı İmanova da iştirak edəcək.
Qeyd edək ki, bu monumental əsər I Dünya müharibəsi zamanı Çanaqqalada Osmanlı ordusunun ingilis-fransız qoşunları üzərində qazandığı şanlı Zəfərə həsr olunub. Oratoriya qəhrəmanlıq, vətənpərvərlik və tarixi yaddaş mövzularını dərin və təsirli musiqi dili ilə dinləyicilərə çatdırır, keçmişin qəhrəmanlıq salnaməsini yenidən canlandırır.
Qastrol konsertində tanınmış vokalçılar – Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak edəcəklər.
Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi həyata keçirilir.
Subyekt.az