
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 14 avqust 2024-cü il tarixində Ağdam rayonun Dördyol-1 qəsəbədə fəaliyyət göstərən mədəniyyət evinin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə Xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.
Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Kəlbəcər bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də həyat yenidən başlayır. Kəlbəcərə ilk səfəri zamanı dövlət başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyması bir daha Kəlbəcərin cənnət guşəyə çevriləcəyindən xəbər verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Kəlbəcərin bərpası insanların buraya qayıdışı, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.
Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulmasında və inkişafı naminə çalışacam.
Görüşdə iştirak edən seçicilər 1 sentyabrda Milli Məclisə seçkilərdə namizəd Mircəlil Qasımlıya səs verəcəklərini bildirdilər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az