![]()
Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının növbəti təqdimatı Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət adamları, həmçinin media təmsilçiləri iştirak ediblər.
Kitabın ərsəyə gəlməsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, britaniyalı yazıçı Qrem Vilson və digər müəlliflərin rolu xüsusi qeyd olunub. Çıxış edən natiqlər nəşrin Azərbaycan və xüsusilə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Rəhman Hacıyev bildirib ki, tanınmış britaniyalı yazıçı Qrem Vilsonun analitik baxışı və unikal hekayəçilik üslubu kitabın əsas dayaqlarındandır:
“500-ə yaxın səhifədən ibarət bu nəşr sadəcə bir kitab deyil — mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş salnamədir. Kitab Qarabağın münaqişə dövründən bugünkü dirçəliş mərhələsinə qədər olan geniş tarixi əhatə edir. Səhifələrdə yerləşdirilən çoxsaylı QR kodlar vasitəsilə oxucular xüsusi hazırlanmış veb-saytda əlavə məlumat əldə edə, süni intellekt əsaslı köməkçi ilə mətn üzərində müzakirələr apara bilərlər. Bu nəşrin dövlətimizin dostları və ölkəmizə gələn qonaqlar üçün dəyərli bir hədiyyə olacağına inanıram.”
Fond rəhbəri kitabın yaxın zamanda Azərbaycan dilinin yanaşı rus və türk dillərində də həm çap, həm də elektron formatda təqdim olunacağını bildirib. Onun sözlərinə görə, nəşri fərqləndirən əsas cəhət məzmunun hibrid formada – həm ənənəvi, həm də rəqəmsal elementlərlə təqdim edilməsidir.
Hacıyev əlavə edib:
“Nəşr tam şəkildə www.book.revival.az platformasına inteqrasiya edilib və fond tərəfindən hazırlanmış süni intellekt əsaslı ‘Zəfər’ adlı bələdçi ilə zənginləşdirilib. Bu kitab təkcə Azərbaycan üçün deyil, qlobal nəşriyyat sahəsi üçün də postmünaqişə dövrünün tarixi təhlili baxımından mühüm yenilikdir.”
Təqdimat çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəliş prosesini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.
Tədbir iştirakçıları bildiriblər ki, kitabın hazırlanmasında Prezident İlham Əliyevin tövsiyələri xüsusi rol oynayıb. Qrem Vilsonun Qarabağ mövzusuna marağı isə hələ Azərbaycan torpaqlarının işğalı dönəminə təsadüf edir. Müəllif çətinliklərə baxmayaraq həm Ermənistana, həm də Qarabağa səfərlər edərək bölgəni yaxından araşdırmağa nail olub.
Bu, Vilsonun Azərbaycan haqqında yazdığı üçüncü kitabdır. O, ilk iki kitabını Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr etmişdi. Müəllif çıxışında Qarabağ və Azərbaycan reallıqlarını geniş əhatə edən beynəlxalq səviyyəli nəşrlərin azlığını vurğulayaraq, bu boşluğu doldurmaq məqsədilə kitabı yazdığını deyib.
Tədbirdə çıxış edən keçmiş xarici işlər naziri Həsən Həsənov nəşrin klassik ensiklopediya və ya publisistik əsər deyil, çoxşaxəli və informativ mənbə olduğunu qeyd edib. Digər ziyalılar da kitabın tarixi, siyasi və analitik dəyərinə diqqət çəkiblər.
Xatırladılıb ki, kitabın yazılması və çapı üçün 2023-cü ildə ayrılan vəsait bir müddət ictimai müzakirələrə səbəb olmuşdu. Lakin təqdim edilən yekun nəticə və nəşrin informasiya dəyəri həmin narazılıqların əsassız olduğunu göstərir. Natiqlər bu tip nəşrlərin gələcəkdə də hazırlanmasının, müxtəlif dillərdə çap olunaraq dünya ölkələrində geniş təbliğ edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin bu prosesdə aktiv iştirakının əhəmiyyəti qeyd olunub.
Kitabda birinci Qarabağ müharibəsinin əsas mərhələləri, işğal illərinin faciələri, azad edilmiş ərazilərin bərpası və bölgədə formalaşmış yeni geosiyasi reallıqlar geniş sənədlər və faktlarla təqdim olunub. Nəşrdə Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan rəhbərliyinin iştirakı ilə baş tutmuş görüşlərə dair diplomatik materiallar da yer alır.
Tədbirin sonunda kitabın müəllifləri və yaradıcı heyət oxucular üçün imza mərasimi təşkil edib və iştirakçılara nəşrin nüsxələri təqdim olunub.




























Rövşən Hüseynli
Subyekt.az xəbər portalının təsisçisi və baş redaktoru
Subyekt.az