![]()
Qarabağ Dirçəliş Fondu (QDF) 2-3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşı qismində çıxış edəcək.
Fond festival günlərində İçərişəhərin Qala meydanında qurulacaq interaktiv guşə ilə təmsil olunacaq.
Hər il minlərlə yerli sakini və ölkəmizə gələn xarici turistləri bir araya gətirən Beynəlxalq Xalça Festivalı milli irsimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm platformadır.
Fondun fəaliyyətinin ana xəttini təşkil edən ianə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi məqsədilə guşə ərazisində müxtəlif interaktiv fəaliyyətlər nəzərdə tutulub.
Guşədə yerləşdiriləcək xüsusi xalça dəzgahı Qarabağın çoxəsrlik xalçaçılıq irsini yaşadan canlı bir nümunə kimi çıxış edəcək. Fondun maarifləndirmə fəaliyyətinin tərkib hissəsi olan bu təşəbbüs çərçivəsində hər bir ziyarətçi Qarabağ xalçasına rəmzi olaraq öz ilməsini vura biləcək.
“Qarabağın inciləri” interaktiv pazl oyunu vasitəsilə isə ziyarətçilər Qarabağın tarixi və mədəni abidələrinin təsvirlərini bir araya gətirərək rəmzi mənada bərpa prosesində iştirak edəcəklər.
Bundan başqa, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri interaktiv guşə ərazisində Qarabağ xalçalarının bənzərsiz motivləri əsasında canlı rəsm nümunələri yaradaraq festivalın yaradıcılıq ruhunu ziyarətçilərə çatdıracaqlar.
Qarabağ Dirçəliş Fondu olaraq hər kəsi Fondun 2-3 may tarixlərində Qala meydanında qurulacaq guşəsinə dəvət edirik.
Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!
Subyekt.az