İndi əsas sual budur ki, İŞİD niyə bu cür dəhşətli terror aktı törətsin, mesajı nədir- bu teraktın arxasında Qərb varmı…
22 martda baş verənlər son 20 ildə Rusiya tarixində ən ağır terror aktıdır. “Piknik”qrupunun “Crocus City Hall”da olacaq konsertinə gələnlər arasında ölənlərin sayı hər keçən saat artır. Onların sırasında təəssüf ki, qadınlar və uşaqlar da var.
Rusiyadakı terror aktının arxasından İŞİD-in əli olması faktını inkar etmək və ya təsdiqləmək indidə mümkün deyil. Hələ ki, teraktı törədənlərin həbs edilməsi barədə məlumat yoxdur, onların dəqiq sayı barədə də müxtəlif iddialar var. İki nəfər olduğu da deyilir, bir neçə nəfər də… Teraktda İŞİD-in iştirakı ilə bağlı ilk iddianı qaçaq oliqarx Xodorkovskiyə məxsus teleqram kanalları yayıb. İŞİD-in özünün bu barədə yaydığı bəyanat sonradan təkzib edilib. Hadisələrin şahidlərinin bir qismi onların saqqalı olduğunu, radikal islamçılara bənzədiyini deyiblər.
Terror aktının arxasından İŞİD-in çıxması çətin ki, hadisələrin bundan sonrakı inkişafına həlledici təsir etsin. Rusiyada İŞİD tərəfdarlarının daha çox hansı bölgələrdə olduğu da bəllidir, hansı keçmiş postsovet ölkələrindən gəlmiş miqrantların bu terror təşkilatında fəallıq etdiyi də… İndi əsas sual budur ki, ”ölü terror təşkilat”ı sırasında olan İŞİD niyə gözlənilmədən Rusiyada konsert zalında bu cür dəhşətli terror aktı törətsin? Bu teraktın səbəbi, ən əsası, mesajı nədir?
Bəzi Qərb ekspertləri iddia edirlər ki, İŞİD son iki ildə Rusiya təbliğatında tez-tez şəxsən Putini tənqid edib, onu “müsəlmanları sıxışdıran fəaliyyətlərdə iştirakçı kimi görür”. O cümlədən, Mərkəzi Asiyada hələ də gücünü saxlamağa çalışan radikal müsəlmanların da Moskvaya qarşı öz narazılığı var. Amma bunlar hələ ki, iddialardır.
Cəmi bir neçə gün əvvəl 6 illik prezidentlik dönəminə başlamış Putin hakimiyyətinin ilk illərində də bu cür ağır terror aktları ilə üzləşib. Amma o zaman Rusiyada siyasi vəziyyət fərqli idi-mərkəzi hakimiyyət zəif, ölkə xaricdən hər cür müdaxiləyə açıq idi. Dağıstan, Çeçenistan, İnquşetiya kimi milli bölgələrdə ictimai-siyasi ab-hava ölkəni bir neçə il silkələdi və bu, teraktlarla, silahlı qarşıdurmalarla müşayət olundu. İndi Rusiyada milli, millətçilik zəminində gərginlik yoxdur, regionlarda sosial- iqtisadi vəziyyət də demək olar ki, bir-birindən xüsusi fərqlənmir.
Putin hakimiyyəti milli məsələdə kifayət qədər ciddi xətt tutub. İndi bu teraktın məsələn, hansısa milli regional respublikada deyil, paytaxtın bir neçə kilometrliyində törədilməsinin mənası, məqsədi nədir? İŞİD Rusiyaya və ya Rusiyada nəyə etiraz edir? Həm də niyə İŞİD? Əgər Suriyada aktiv döyüşlər getsəydi, iddia etmək olardı ki, Rusiyadan bu səbəbdən narazılıq var və İŞİD Moskvaya belə cəza kəsib. Bu teraktı Putinin hakim elitanın daxilində gizli müxalifəti və ya müqavimət mərkəzlərinin “işi” kimi izah etmək cəhdləri də mümkündür. Ötən il Priqojinin hakimiyyətə silah tuşlamaq cəhdi göstəridi ki, Rusiya daxilində həqiqət də belə müqavimət mərkəzi və mərkəzləri var. Amma şübhə yoxdur ki, rəsmi Moskva bu teraktı daha çox xarici faktorlarda axtaracaq ki, bu da təəccüblü sayılmaz.
Rusiya iki ildir Ukraynada, əslində isə ABŞ və Avropa ilə müharibə aparır. Bu müharibə dünyanın bütün dəngəsini dəyişib. Bu qarşıdurma soyuq müharibə, Karib krizisinə belə bənzəmir. Qərb Rusiyanı durdurmaq üçün bütün mümkün vasitələri sınaqdan çıxarır. Rusiya isə təkcə müqavimət göstərmir, birləşmiş Qərbə nəinki təslim olmaq, hətta qalib gəlmək niyyətini gizlətmir. Bu savaşda artıq bütün mümkün vasitələr, hətta terror aktı da legitimdir. Qərb kəşfiyyatı Rusiyanın “Şimal axını” qaz kəmərini partlatmaqla bu cür “mübarizə” üsullarını legitimləşdirdi. Rusiyalı ekspertlər artıq teror aktının kollektiv Qərbin Rusiyaya qarşı mübarizəsi kimi qiymətləndirirlər. Onların fikrincə, terror aktını prezident seçkisində məqsədinə nail olmayan Qərb kəşfiyyatı Rusiyanı qorxutmaq üçün təşkil edib…
Dünya getdikcə daha təhlükəli olmağa başlayıb və təəssüf ki, bu hadisələr bizim qonşuluqda baş verməkdədir…
Subyekt.az