![]()
Sentyabrın 11-də Qərbi Azərbaycan İcmasında “Vətənpərvər gənclik: Dəyərlər, məsuliyyət və gələcək” mövzusunda görüş keçirilib.
Dövlət Komitəsindən Subyekt.az AZƏRTAC-a istinadən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva gənclərlə söhbət zamanı milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinə sadiqlik və milli yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib, vətənpərvər gəncliyin yetişdirilməsinin cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayıblar. Gənclərə daim təhsil almaq, öz üzərlərində çalışmaq, müasir imkanlardan, o cümlədən süni intellektdən səmərəli istifadə etmək və gələcək inkişafda fəal rol oynamaq tövsiyə olunub. Həmçinin Azərbaycanın əldə etdiyi uğurların hansı fədakarlıqlar hesabına qazanıldığına diqqət çəkilərək, həmin nailiyyətlərin qorunub inkişaf etdirilməsində gənclərin üzərinə mühüm məsuliyyət düşdüyü bildirilib.
Səmimi ünsiyyət və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə gənclərin düşüncə və təşəbbüsləri dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Subyekt.az