![]()
Azərbaycan xalqının tarixində elə övladlar var ki, onların həyatı bir ömürdən çox böyükdür – onlar xalqın yaddaşına, dövlətin tarix kitabına, millətin qürur salnaməsinə çevrilirlər. O övladlardan biri də polkovnik-leytenant Əkrəm Şadmanovdur.
1984-cü ildə Kəlbəcərin qoynunda dünyaya göz açan Əkrəm uşaqlıqdan mərdliyi, Vətən sevgisi ilə seçilirdi. Kəlbəcərin sərt dağları, buz bulaqları, igid insanları onun xarakterinə də sirayət etmişdi. Elə buna görə də o, həyat yolunu Vətənə xidmətlə bağladı. Əsl hərbçi, əsl vətənpərvər, əsl igid kimi yetişdi.
Əkrəm Şadmanovun döyüş yolu xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. O, 2020-ci ildə başlanan Vətən müharibəsində ön sıralarda idi. Döyüş yoldaşları onun cəsarətindən, əzmindən danışarkən deyirdilər: “Əkrəm komandir deyildi, o, birinci sırada gedən əsgər idi.”
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları zamanı da Əkrəm Şadmanov ön cəbhədə idi. Xocalıya ilk daxil olan igidlərdən biri məhz o oldu. Bu, onun həyat fəlsəfəsini əks etdirirdi: öncə Vətən, öncə torpaq, öncə xalq!
24 sentyabr 2023-cü ildə Əkrəm Şadmanov şəhidlik zirvəsinə ucaldı. II Fəxri Xiyabanda böyük izdihamla dəfn olunarkən minlərlə insan bir daha gördü ki, xalq öz qəhrəmanını unutmaz, unutmayacaq da. Onun məzarı təkcə bir igidin son mənzili deyil, həm də gələcək nəsillərə yol göstərən bir işıqdır.
Əkrəm Şadmanovun qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildi. Bu təltiflər təkcə bir şəxsin deyil, bütöv bir xalqın qüruru idi.
Bu gün Əkrəm Şadmanovun adı təkcə ailəsinin, yaxınlarının yox, bütün Azərbaycanın qəlbindədir. O, bir övlad, bir ata, bir qardaş olmaqla yanaşı, həm də xalqın qəhrəmanı, Vətənin fəxri, gələcək nəsillərin örnəyidir.
Onun həyatı sübut etdi ki, şəhidlər ölmür. Onlar yaşadıqları torpaq qədər, sevdikləri Vətən qədər əbədidirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!


Rövşən Hüseynli
#Qarabağ_Azərbaycandır #Kəlbəcər #TarixdəBuGün #Şəhidlər_Ölməz #ƏkrəmŞadmanov
Subyekt.az