
“Uşaq evlərində böyüyənlərin təhsil səviyyəsinin artırılması, cinayət hadisələrinin qarşısını bir qədər ala bilər” Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova qeyd edib. Psixoloq bildirib ki, duyğusal boşluğu olan insanlar cəmiyyət üçün daha təhlükəlidir: “Ümumiyyətlə dünya praktikasında da bu belədir ki, uşaq evlərində böyüyənlərin növbəti taleyi ürəkaçan olmur. Burada yəqin ki, onların yetişdirildiyi mühit, onlara verilən və alınan emosiyanın çox böyük təsiri var. Uşaq evində böyüyənlərin fiziki və zəruri ehtiyyaclarının əksəriyyəti ödənsə də, onların emosional ehtiyyacları hər zaman natamam qalır. Duyğusal boşluqda olan insanların çəkdiyi əziyyət, yoxsul, ac insanların çəkdiklərindən daha ağırdır. Yəni emosional və duyğusal olaraq ac qalan insan cəmiyyət üçün böyük bir təhlükədir”. Psixoloq qeyd edib ki, bu kimi problemlərin əsas həlli uşaqlar evində böyüyənlərə doğru təhsil verməkdir: “Onlar bilməlidir ki, cəmiyyətin hər bir fərdi onların təhsil alması üçün vergi ödəyir, dəstəyə görə əllərindən gələni etməyə hazırdırlar. Onlardan imtina olunmayıb və tənha deyillər. Cəmiyyətdə onlara qarşı aqressiya yoxdur. Az öncə də qeyd etdiyim kimi, bunu uşaqlar evində böyüyənlərə aşılamaq üçün düzgün təhsil vermək kifayətdir. Düzdür, hər şey mükəmməl olmaya bilər, amma cəmiyyətlə uyğunlaşmalarına dəstək olacaq”. Valideyn himayəsindən məhrum uşaqlar doğru təhsildən, təlim-tərbiyədən geri qaldıqda özlərini faydasız hesab edirlər. Belə uşaqlar 18 yaşından sonra pis vərdişlərə yönələ bilirlər. Ümumiyyətlə böyük və inkişaf etmiş dövlətlərdə müşahidə etsək görərik ki, adətən bütün duyğusal və emosional əskikliklər təhsil və öyrənmə yolu ilə qismən də olsa bərpa oluna bilir. Ona görə də uşaq evlərində təhsil səviyyəsinin artırılması cinayət hadisələrinin qarşısını bir qədər ala bilər. Onların təlim-tərbiyəsi doğru şəkildə olsa, 18 yaşından sonra cəmiyyətə faydalı və risk ehtimalı az olan vətəndaşlar olaraq aramıza qoşulacaqlar”.
Subyekt.az