![]()
Oyaq qalmaq istəmirəm,
Tez qocalmaq istəmirəm.
Şair olmaq istəmirəm,
Bu sözləri çırpın məndən.
Əsl sənətkar dünyaya elə əbədi və əzəli Sözü tozlanmağa qoymamağa, Sözün tozunu almağa gəlir. Onun yolları hamar da olur, daşlı-kəsəkli də! Amma o öz yolunu gedir, öz işini görür-Sözü tərpədir, dirildir:
Məni də yola saldı söz,
Mən getdim, sizə qaldı söz,
Yenə təptəzə qaldı söz
Mən sözün tozunu aldım.
Ramiz Rövşən xalqın sevimli şairidir. O şair olduqdan sonra, şair olmağın əzabını, məsuliyyətini- gecələr oyaq qalmağın çətinliyini və vaxtından əvvəl qocalmağı öyrəndi. “Mənim şair olmağa gücüm çatmır” ertirafı da şair ömrünün həmin əzablı keçidlərindən doğur. Bu anlarda şair “gündüzdən, gecədən, çöldən, küçədən, düşmən tənəsindən, dost gileyindən” sıyrılıb təzədən doğulmaq istəyir və öz fikrini misralarla ifadə edir:
Bəlkə başqa adam olardım onda
Bu dərdi özümdən qova bilərdim
Ramiz Rövşənin illərlə kitabı çap olunmasa da, illər ərzində imzası ədəbi-bədii jurnallarda çox seyrək görünsə də onun poeziyası, yaradıcılığı həmişə bizimlə olub …
Ramiz Rövşən bir-birindən maraqlı kitabların müəllifidir. Baxmayaraq ki, o bir çox əsərlər yazıb yaratmışdır. Amma onun nəşr olunan kitabı azdır. Bəlkə də Ramiz Rövşən adi şair olsaydı uzun müddət kitabları oxucuların istifadəsinə verilmədiyi üçün oxucular tərəfindən unudulardı. Ancaq Ramiz Rövşən xalqın ürəyində elə taxt qurmuşdur ki, uzun illər kitabı nəşr olunmasa belə həmişə oxucuların sevimlisi olmuşdur.
Həyat və yaradıcılığı
Ramiz Rövşən 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olmuşdur. O, əslən Qubadlı rayonunun Teymur Müşkanlı kəndindəndir. İlk təhsilini Suraxanı rayonundakı 208 saylı şəhər orta məktəbində təhsil alan şair, sonrakı təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964-1969) davam etdirmişdir. RamizRövşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979- 1987), kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində (1987-1992) çalışmışdır. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. Şair bir neçə şeir kitabının müəllifidir. Onun şeir və hekayələri keçmiş SSRİ-nin dövründə bir çox dillərə tərcümə edilmiş, ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda müxtəlif mətbu nəşrlərdə və kitablarda çap olunmuşdur. Onu da qeyd edək ki, Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilmişdir. Ramiz Rövşən şeirinin qüdrəti onun sadəliyində, lokanikliyində, dərin mənada fəlsəfiliyindədir. Əsl şeiri söz yığınından fərqləndirən onun qəlblərə yol tapması, insanları düşündürməsi, şirinliyi, lətafətidir. Ramiz Rövşənin şeirlərini onun pərəstişkarları məhz bu xüsusiyyətlərinə görə sevirlər. Qəlblərə, ürəklərə yol tapan bu şeirlərin mayası məhəbbətdir: tanrıya məhəbbət, vətənə məhəbbət, insana məhəbbət. Onun məhəbbətlə yoğrulmuş misralarını oxuduqca insan şüurunun lap ucqarlarında ən əlçatmaz, ünyetməz yerlərində həzin bir gizilti əmələ gəlir. O gizilti sanki insanı silkələyir, yatdığı yuxudan oyadır. Məhz bu zaman şeirin gözəlliyi, dəyəri, şairin qiyməti üzə çıxır. Ramiz Rövşən o qədər qüdrətli şairdir ki, yazdığı onlarca şeirin tək bircəsini yazmış olsaydi belə yenə də böyük şair kimi ədəbiyyat tariximizə daxil olacaqdı və yaşayacaqdı. Onun hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin zənginliyini, gözəlliyini, incəliyini bir daha sübut edən parlaq bir nümunədir. Şairin şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana məhəbbətin tərənnümü poetik şəkildə təcəssüm etmişdir. Ramiz Rövşən elə şairlərdəndir ki, uzun illər kitabı çıxmasa da onun şeirləri dillər əzbəri olmuş, nəşr olunan kitabları əldən-ələ gəzmişdir. Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. İnsani keyfiyətləri və xüsusiyyətləri ilə heç kəsə bənzəməyən, ancaq özü olan şairin əsərləri də hər kəsin yazdıqlarına bənzəmir. O poeziyamızda yeni irs, yeni cığır açmış və bu irsə öz möhürünü vurmuş, əvəzedilməz təkrarolunmaz bir şairdir. Şair bütün şeirlərini bütün varlığı ilə ürəkdən gələn sözlərlə yazır. Ramiz Rövşənin şeirlərini sevməmək mümkün deyil. Onun şeirlərini hər dəfə oxuduqca yeni mənalar, yeni çalarlar meydana çıxır. Müasir Azərbaycan poeziyasının laiqli nümayəndəsi olan Ramiz Rövşənin şeirlərinə, yaradıcılığına böyük marağı nəzərə alaraq kitabxanamız şairin 75 illik yubileyinə həsr olunmuş vəsaiti sizə təqdim edir.
R.Rövşənin poeziyası, yazdıqları və yazmadıqları həmişə bizimlə olub. Çünki o, bizim yaşadığımız dünyadan, həyatımızdan, taleyimizdən yazıb. R.Rövşənin hətta ən kədərli şeirləri insanı dünyanısevməyə sövq edir. Onun kədəri işıqlı kədərdir. Füzuli kədəri kimi həyatı, gözəlliyi duymaqdan, sevgidən yaranan kədərdir.
Bu kədərdə nəfəs var, ay işığı var, qara paltarlı qadının sakit sevgisindən yaranan, göz yaşı şəklində yanan ürək lampasınıngur işığı var. Və nəhayət, insan hənirindən doğan bir səmiyyət var. Ramiz Rövşənin şeirləri hər adam üçün deyil, duyğusal insanlar üçün, nəfəsi məhəbbət ətri verən oxucular üçündür.
Mən daha güzgü adamam
mən daha özgə adamam.
Dərdləriylə baş-başa,
yazıq, fağır, ümidsiz,
bir az bezmiş adamam,
bir az küsmüş adamam.
Xalq öz yaradıcılığında səmimi olan şairə üstünlük verir. Ramiz Rövşən də məhz belə şairlərdəndir. Xalqın sevinci, kədəri, dərdi, acısı onun yaradıcılığında öz əksini tapır. Onun şeirlərində ədalət gözəllik vətənə xalqa sevgi, bağlılıq öz əksini tapır.
78 illik yubileyi münasibəti ilə əziz şairimizi ürəkdən təbrik edir, Xalq şairi Ramiz Rövşənə uzun ömür, can sağlığı arzulayır, neçə-neçə yeni kitabları ilə xalqımızı sevindirməsini diləyirik!
AYNUR TURAN
Subyekt.az