![]()
Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir. “Armtimes“ xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onun 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər təxirə salınması planlarımızda yoxdur. Bu, sadəcə müəyyən vaxt aparacaq prosesdir”- deyə Paşinyan bildirib.
Paşinyan həmin Paşinyandır ki, bir neçə gün əvvəl sülh sazişinin imzalanmasının 2031-ci ilə qədər uzana biləcəyini istisna etmirdi. İndi isə belə bir gecikmənin Ermənistanın planlarında olmadığını bəyan edir. İki qardaş ölkənin Prezidentləri arasında telefon danışığından bir sutka keçməmiş “Sülh sazişinin 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər təxirə salınması planlarımızda yoxdur” dedi. Tipik erməni kəmfürsətliliyi dərhal özünü göstərməyə başlamışdı. Paşinyan başda olmaqla ermənilər Azərbaycanla Türkiyənin münasibətlərinin geridönməyəcək həddə pisləşəcəyini düşünürdülər və xeyli ümidlənmişdilər. Və bu ümidlənmə dərhal erməni xislətini büruzə verdirməyə başlamışdı. Türkiyə-Azərbaycan münasibətlərində müşahidə olunanları Ermənistan özü üçün fürsət görməyə başlamışdı.
Bu hadisə bir daha göstərdi ki, düşməni qətiyyən sevindirmək olmaz. Azərbaycan-Türkiyə qardaşlığı, türk dünyasının birliyi düşmənlərimizin qarşısında sipərdir. Bu sipərin zədələnməsinə yol vermək olmaz, onu zədələmək üçün çalışanlara qarşı barışmaz olmaq lazımdır. Düşmən bizim birliyimizdən çəkinir. Bu birliyi qorumaq bütün türk dövlətlərinin əsas vəzifələrindən biridir.
Bu hadisə Azərbaycan-Türkiyə münasibətlərinin regional proseslərdəki rolunun necə böyük olduğuna da işıq saldı.
Azərbaycanla Türkiyə arasında münasibətlər adi qonşuluq və ya müttəfiqlik çərçivəsinə sığmır. İki ölkəni ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və strateji maraqlar birləşdirir. Bu münasibətlər Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, regional nəqliyyat və enerji layihələrinə, eləcə də türk dövlətləri arasında əməkdaşlığın inkişafına birbaşa təsir göstərir.
Bakı ilə Ankara arasında siyasi dialoqun davam etməsi, yüksək səviyyəli təmasların saxlanılması və ortaq maraqların uzlaşdırılması regiondakı digər aktorlara da aydın mesaj verir: iki ölkə arasında hansısa məsələdə fikir ayrılığı yaransa belə, bu, münasibətlərin əsasını təşkil edən strateji tərəfdaşlığın avtomatik olaraq zəifləməsi demək deyil.
Etibar Seyidağa,
Subyekt.az