![]()
7 iyun parlament seçkiləri kampaniyası Ermənistanda çox aktiv davam edir. Budəfəki seçki kampaniyasında diqqət çəkən məqamlardan “Ermənistan” seçki blokunun baş nazirliyə namizədi, müharibə canisi Robert Köçəryanın küçələrə düşərək seçicilərlə “qalstuksuz görüşlər” keçirməsi, özünü “əsir-yesir” edərək seçicilərə səmimi görünməyə göstərməyə çalışmasıdır.
Uzun illər hakimiyyətdə olanda və sonra müxalifətə keçməyə məcbur qaldıqdan sonrakı dövrlərdə keçirilən seçkilərdə Köçəryan küçələrə, həyətlərə getməz, seçicilərlə bu qədər yaxın canlı təmas qurmazdı. Uşaq qatili olan bu cani indi küçə-küçə gəzir və erməni uşaqlarını qucağına alır, uşaqları guya əzizləyir.
Siyasi analitiklər hesab edir ki, təbii, Köçəryanın bütün bu hərəkətləri seçiciləri aldadıb səslərini qazanmaq üçün edilən seçki texnologiyalarıdır. Əslində isə təkəbbürlü, özündənrazı Robert Köçəryanı küçələrə salan Nikol Paşinyandır. O Nikol Paşinyanın küçə, məhəllə görüşləri ustası olduğunu görür və Paşinyanın addımlarını kopyalayır. Və təbii ki, Xocalı canisi bunu məcburiyyətdən edir. Uzun illər güc yolu ilə ermənilərin başına keçib onlara rəhbərlik edən Köçəryan bu dəfə seçicinin ayağına getməkdən başqa yolu qalmadığına əmindir. Paşinyan onu bu şəkildə xalqın ayağına getməyə məcbur edib. Yoxsa ki, Robert Köçəryan kimi “adiyoz” birisinin davranış üslubunda bu qədər dəyişiklik mümkün olmazdı.
Uzun illər hakimiyyət elitasının daha qapalı və məsafəli siması kimi tanınan Köçəryan indi küçələrdə, məhəllələrdə, həyətlərdə seçicilərlə görüşməsi təsadüfi deyil. Bu, ilk növbədə Ermənistanda dəyişən siyasi psixologiyanın nəticəsidir.
Əvvəlki dövrlərdə Köçəryan hakimiyyət resurslarına arxalanan, daha çox “dövlət adamı” imici üzərindən siyasət aparan fiqur idi. O dövrdə Ermənistan cəmiyyətində siyasi mədəniyyət fərqli idi və seçicilərlə birbaşa emosional təmas indiki qədər vacib sayılmırdı. Lakin Nikol Paşinyanın siyasətə gətirdiyi populist və küçə siyasəti modeli Ermənistanın daxili siyasi qaydalarını dəyişib.
Paşinyan 2018-ci ildə küçə yürüşləri və xalqla birbaşa təmas üzərindən hakimiyyətə gəldi. O, elitadan uzaq, “xalqın içindən çıxmış siyasətçi” obrazı yaratdı və bu model Ermənistanda ciddi ictimai təsir formalaşdırdı. İndi Köçəryan da anlayır ki, Paşinyana qarşı yalnız keçmiş idarəçilik təcrübəsi və ya təhlükəsizlik arqumentləri ilə mübarizə aparmaq kifayət etmir. Seçici ilə emosional əlaqə qurmaq, özünü “sadə insan” kimi təqdim etmək də vacibdir.
Burada daha bir mühüm məqam var. Köçəryan anlayır ki, bu seçkilər təkcə proqramların deyil, həm də psixoloji üstünlük savaşının meydanıdır. Paşinyanın əsas güclü tərəfi hələ də kütlə ilə ünsiyyət bacarığıdır. O, emosional çıxışları, canlı yayımları və küçə ritorikası ilə seçici bazasını mobil saxlaya bilir. Köçəryan isə ənənəvi sərt və soyuq siyasətçi obrazı ilə Paşinyanı məğlub etməyin çətin olduğunu görür və buna görə də küçələrə düşüb.
Etibar Seyidağa
Subyekt.az