![]()
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Kəlbəcər rayonunda olub.
Nümayəndə heyəti Kəlbəcər şəhərində və İstisu ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olub.
Səfər çərçivəsində qonaqlarla görüşən Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda həyata keçirilən bərpa-quruculuq layihələri barədə ətraflı məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məntəqələri salınır, yol-nəqliyyat, enerji, rabitə və digər mühəndis-kommunikasiya infrastrukturu yenidən qurulur, əhalinin doğma torpaqlarına təhlükəsiz və mərhələli qayıdışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, müasir yaşayış mühitinin formalaşdırılmasına və Böyük Qayıdış Proqramının uğurla icrasına xidmət edir.
Nümayəndə heyəti Kəlbəcər şəhərində və İstisu ərazisində yaradılan müasir infrastruktur, həyata keçirilən tikinti və abadlıq işləri ilə yaxından tanış olaraq bölgədə aparılan genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndirib.
Səfər çərçivəsində qonaqlara Kəlbəcər rayonunun təbii sərvətləri, turizm potensialı və gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verilib.








#Kəlbəcər #BöyükQayıdış
Subyekt.az