![]()
Kornea donorluğu görmə qabiliyyətini itirmiş insan üçün dünyanı yenidən görmək, rəngləri və işığı tanımaq deməkdir. Kornea — buynuz qişa yalnız dünyasını dəyişmiş şəxslərdən köçürülür. Mərhəmət və humanizm dünya işığından məhrum olan insana həsrətində olduğu işığı bəxş edə bilər.
Kornea donorluğu 12 yaşlı Göyçay sakini İslamzadə Röyalın dünyasını işıqlandırıb. Hələ 1 yaşında olarkən anadangəlmə görmə problemi səbəbindən onun görmədiyi məlum olub. Sonradan bir neçə dəfə əməliyyat olunsa da, görmə qabiliyyəti yalnız qısa müddətlik bərpa edilib. Daha sonra görmə qabiliyyətini yenidən itirən uşağı müayinə edən həkimlər bildiriblər ki, artıq adi əməliyyatlar kömək edə bilməz və yeganə çıxış yolu buynuz qişa transplantasiyasıdır.
Ailə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib. Röyal gözləmə siyahısına daxil edilib. Günlərin birində isə çoxdan gözlənilən zəng gəlib:
“Dünyasını dəyişmiş şəxsin ailəsi buynuz qişa bağışlayıb. Gözləmə siyahısında sizin növbəniz çatıb, müayinələr üçün gələ bilərsiniz”.
Ailə dərhal Bakıya yola düşüb. Bütün müayinələr aparıldıqdan sonra Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda buynuz qişa transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Dörd gün sonra xəstəxananın yeməkxanasında stulların rənglərini fərqləndirən Röyal həyəcanla deyib:
“Stulların rənglərini görürəm. Biri narıncıdır, biri göy…”
Bu sözlər valideynlərə çoxdan həsrətində olduqları sevinci yaşadıb. Röyalın öz xoşbəxtliyini isə sözlə ifadə etmək çətindir. O, indi hərfləri öyrənir, hər gün dünyanı bir az da yaxından tanıyır, yeni detalları kəşf etməyin sevincini yaşayır. Bir vaxtlar yalnız səsindən tanıdığı əşyalar indi onun üçün rəngə, formaya və mənaya çevrilir. Ən önəmlisi isə Röyal artıq heç kimin köməyi olmadan sərbəst yeriyir, əşyaları özü tapır, toxunur, baxır və seçir.
“Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna təşəkkürümüz sonsuzdur. Həkimlərimizlə fəxr edirik”, — deyən ailə Röyalın dünyasını işıqlandıran Azərbaycan səhiyyəsinə minnətdarlığını ifadə edir. Onlar donor ailəsinin xeyirxahlığını heç vaxt unutmayacaqlarını, orqan ianəsi sayəsində dünya işığına həsrət qalan Röyalın həyata bağlandığını və həyatı sevməyi öyrəndiyini bildirirlər.
Başqa insanların dünyasını işıqlandırmaq insanın ölümdən sonra da edə biləcəyi ən böyük xeyirxahlıqdır. Ölümdən sonra donor olmaqla bir-birimizə həyat, ümid və işıq bəxş edə bilərik.
Subyekt.az