![]()
Azərbaycan ədəbiyyatında şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş mühüm nəşrlərdən biri olan şair Elşad Baratın “Ölümsüzlər” adlı kitabının üçüncü cildi çapdan çıxıb.
Müəllifin verdiyi məlumata görə, nəşrdə 100-ə yaxın şəhid haqqında bioqrafik məlumatlar, onlara ithaf edilmiş şeirlər və fotoşəkillər yer alıb. Kitabın əsas məqsədi Vətən uğrunda canından keçmiş qəhrəmanların həyat yolunu və qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq, onların xatirəsini ədəbi-bədii müstəvidə yaşatmaqdır.
Nəşrə ön sözü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Kitab “Zərdabi-Nəşr” MMC tərəfindən çap olunub. Layihənin redaktoru tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu, korrektorları isə Elmira İsmayılova və Tahir Ələkbərlidir.
“Ölümsüzlər” kitabının üçüncü cildi şair, publisist, alim və iş adamı Məhəmməd Rəsuloğlunun maddi dəstəyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Elşad Barat İkinci Qarabağ müharibəsində şəhid olmuş hər bir qəhrəmana şeir həsr etmək kimi böyük və məsuliyyətli bir missiyanı öz qarşısına məqsəd qoyduğunu açıqlamışdı. “Ölümsüzlər” layihəsi məhz bu ideyanın davamı olaraq şəhidlərin adlarının və qəhrəmanlıq salnaməsinin ədəbi yaddaşda əbədiləşdirilməsinə xidmət edir.
Subyekt.az