
“Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar” – Prezident İlham Əliyev
Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. Bugünkü Azərbaycanın əldə etdiyi nailiyyətlər miqyasına görə o qədər böyük və tarixi baxımdan o dərəcədə əhəmiyyətlidir ki, onların təqdimatı ilə bağlı verilən izahlar belə, bəzən yetərsiz olur. Nəzərə alsaq ki, dünyanı cənginə alan və qlobal təhlükəsizliyi təhdid edən münaqişələr nəinki səngimək bilmir, əksinə, onların sayı və miqyası getdikcə daha da artır, Azərbaycanın ağır bir münaqişəyə hərbi-siyasi yolla son qoya bilməsi və bu zaman beynəlxalq hüququn legitim çərçivəsindən kənara çıxmaması, heç mübaliğəsiz, nadir tarixi hadisələrdən biridir. Ölkəmizin COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibi seçilməsi Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın siyasi etirafı olmaqla yanaşı, “Yaşıl dünyaya” keçid sahəsində atdığı əməli addımlara da beynəlxalq etimadın ifadəsidir. Həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsidir. Ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olan COP29 Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcək. Azərbaycan platformasından COP29 çərçivəsində dünya miqyasındakı proseslərə, eləcə lə iqlim, həm digər yaşıl ideyalara nəzər salınacaqdır. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyaya rəsmi səfəri çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29 ilə bağlı hazırlıq işləri müzakirə edilmişdir. Dövlət başçımızın bu dəfəki səfəri əsasən, iqlim siyasəti çərçivəsində idi. Səfər çərçivəsində dövlətimizin başçısı “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalının müxbirinə verdiyi müsahibə zamanı dövlət başçımıza ünvanlanan “Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?” sualına “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?” – deyə bildirmişdir. “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq” – deyən Prezident diqqətə çatdırıb ki, COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. “Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir” – deyən Prezident bildirib ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq: “Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.
Subyekt.az