Antarktika ətrafındakı sularda okeanın dərinliklərindən gələn müəmmalı səslər qeydə alınıb.
Subyekt.az və Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Bio-Duck adlanan bu səslər, “ördəyin qırıq səsi”nə bənzəsə də, daha güclü və sirli bir təbiətə malikdir.
Bununla bağlı tədqiqatın nəticələri 187-ci Amerika Akustika Cəmiyyətinin iclasında təqdim edilib.
Qeydlərin analizi göstərib ki, səslər xaotik deyil, daha çox bir neçə mənbə arasında dialoq şəklində eşidilir.
Bio-Duck səsi ilk dəfə 1960-cı ildə qeydə alınsa da, təbiəti uzun illər boyu sirr olaraq qalırdı. Yalnız 2014-cü ildə alimlər bu səsləri Antarktika kiçik cizgili balinaları ilə əlaqələndiriblər. Bu əlaqə, balinaların davranışlarını izləmək üçün istifadə edilən xüsusi etiketlərlə tapılıb.
Ancaq bu izahın tam mənası hələ də açılmayıb. Avstraliya və Yeni Zelandiya ətrafındakı digər okeanlarda qeydə alınan oxşar səslər hələ də balinalarla əlaqələndirilməyib, bu isə digər dəniz sakinlərinin də belə səslər çıxara biləcəyini deməyə əsas verir.
Tədqiqatın həmmüəllifi Rass Ross Çepmen bildirib: “Biz aşkar etdik ki, səslər bir neçə fərqli mənbədən gəlir və onlar bir-birilə ünsiyyət qururlar. Biri danışanda, digərləri susur, sanki dinləyirlər. Sonra, birinci susur və digərlərinə cavab vermək imkanı yaradır”.
Başlanğıcda alimlər səslərin mütəmadi olmasına görə onların bioloji mənşəli olduğunu şübhə altına almışdılar. Lakin daha sonra edilən araşdırmalar göstərib ki, bu səslər canlı varlıqlardan gəlir.
Səslərin məqsədi hələ də aydın deyil. Alimlər, bu səslərin qida axtarışı, valideynlə bala arasındakı əlaqə və ya hətta dəniz gəmilərinin yaxınlaşması barədə xəbərdarlıqlar ola biləcəyini güman edirlər.
Subyekt.az