![]()
Norveç kralı Haraldın vəfatından sonra onun daşınmaz əmlakı, maliyyə aktivləri və zinət əşyaları kolleksiyasından ibarət böyük sərvəti varisləri arasında bölüşdürülməli olacaq. Əsas varislər yeni kral Haakon və şahzadə Marta Luizadır.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, kral ailəsinin şəxsi mülkiyyətində olan üç daşınmaz əmlak – Konqsseteren, Mogerö və Prinsehyutta – ümumilikdə 390 milyon kron (təxminən 41,8 milyon dollar) dəyərində qiymətləndirilir.
Bundan əlavə, taxtın varisi üçün nəzərdə tutulan Askerdəki Skauqum iqamətgahının dəyəri təxminən 800 milyon kron (təxminən 85,7 milyon dollar) təşkil edir.
Daşınmaz əmlakla yanaşı, kral ailəsinin maliyyə aktivləri də var. 2019-cu ildə fondlara və istiqrazlara yatırılan vəsaitin təxminən 100 milyon kron (təxminən 10,7 milyon dollar) olduğu qiymətləndirilirdi. Kral ailəsinin şəxsi mülkiyyətində olan zinət əşyalarının dəqiq dəyərini müəyyənləşdirmək isə demək olar ki, mümkün deyil.
Gözlənilir ki, Konqsseteren və Prinsehyutta kral Haakona veriləcək. Çünki ənənəyə əsasən, bu obyektlər hakim monarxa məxsus olur. Ən böyük maraq isə Mogerö yay iqamətgahının taleyi ilə bağlıdır. Çünki digər obyektlərdən fərqli olaraq, bu iqamətgah ənənəvi olaraq hakim monarxın mülkiyyətinə keçmir.
Kral Haraldın vəsiyyətinin məzmunu hələlik məlum deyil. Kral sarayı hətta belə bir vəsiyyətnamənin mövcudluğunu da təsdiqləməyib. Norveç qanunvericiliyinə əsasən, kraliça Sonya irsi əmlakı bölünməmiş şəkildə saxlamaq qərarına gəlsə, yekun bölgü təxirə salına bilər.
Kral Haraldın nəvəsi hesab edilən 29 yaşlı Marius Borq Höybi də mirasın bir hissəsini ala bilər. O, kraliça Mette-Maritın oğludur və məişət zorakılığı, eləcə də iki zorlama hadisəsinə görə dörd il müddətinə azadlıqdan məhrum edilib. Kral ailəsi üzrə tarixçi və ekspert Ole-Yörgen Şulsrud-Hansenin sözlərinə görə, Höybinin mümkün payının vəsiyyətnamədə ayrıca göstərilməsi ehtimalı yüksəkdir.
Subyekt.az