![]()
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı Naxçıvan Muxtar Respublikasını da əhatə edir.
Layihə çərçivəsində Niyazi adına Dövlət Simfonik Orkestri mayın 22-də Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında keçirilən musiqi axşamında orkestrin müşayiətində tanınmış solistlər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.
Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Vasif Adıgözəlov və Həsən Rzayevin əsərləri, o cümlədən Azərbaycan xalq mahnılarının işləmələri təqdim olunub.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyası Simfonik Orkestrinin bir qrup üzvü də Niyazi adına Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşüb.
Azərbaycan musiqi sənətinin parlaq incilərini bir araya gətirən konsert tamaşaçılara unudulmaz zövq bəxş edib.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

.

Subyekt.az