![]()
Azərbaycan Prezidentin Naxçıvan səfərində səsləndirdiyi ən konseptual yanaşmalardan biri Naxçıvanın işğaldan azad edilmiş torpaqlarımızla vahid konsept əsasında inkişaf etdirilməsidir.
Bunun adi bölgə planlaşdırması olmadığını bilirik.
Çünki Prezidentin özünün xatırlatdığı kimi, Zəngilanla Ordubad arasındakı məsafə cəmi 42 km-dir.
Xəritədə kiçik görünən həmin 42 km son yüz ilin böyük siyasi məsafəsinə çevrilmişdi…
İndi Azərbaycan həmin məsafəni asfalt yol, dəmir yolu, enerji, kommunikasiya və iqtisadi inteqrasiya ilə yenidən qısaltmağa çalışır.
Və kiminə qəribə, kiminə maraqlı, kiminə tarixi ədalətli gələn bir məntiq meydana çıxır:
vaxtilə Zəngəzurun bizdən qoparılması Naxçıvanı Azərbaycandan coğrafi baxımdan ayırmışdısa, indi Zəngəzur bağlantısı Naxçıvanı yenidən Azərbaycanın böyük inkişaf məkanının mərkəzinə gətirir.
Tarixin ironiyası bəzən onun ədalətinə çevrilir…
Yaxşı bəs niyə Naxçıvana səfər qonşu dövlətlərdə də izlənilir?
Çünki Naxçıvanda verilən qərarların təsir dairəsi Naxçıvanın inzibati sərhədlərində bitmir.
Burada çəkilən dəmir yolu Türkiyəyə gedəcək.
Burada yaradılan enerji potensialı İran və Türkiyə istiqamətinə, gələcəkdə Avropaya çıxa bilər.
Buradan keçəcək Gündoğar–Günbatar xətti Türküstan (Mərkəzi Asiya)–Xəzər–Azərbaycan–Türkiyə bağlantısının yeni qolunu gücləndirəcək.
Quzey–Güney bağlantısı ən yaxın körfəzlər yönündə əlavə imkan yaradacaq.
Zəngəzur xəttinin gerçəkləşməsi bütün bölgə dövlətləri üçün yeni imkanlar aça bilər.
Avropa Birliyinin Naxçıvan dəmir yolunun bərpaasına maraq göstərməsi, beynəlxalq konsorsium ehtimalının müzakirə olunması da məsələnin artıq Azərbaycanın iç yükdaşıma layihəsi çərçivəsindən çıxdığını göstərir.
Ona görə Naxçıvan haqqında Bakıdan verilən ismarıc Ankara, Tehran, Brüssel və başqa yaxın-uzaq paytaxtlarda da diqqətlə oxunur.
Belə deyək, Naxçıvan lokal coğrafiyadır, amma artıq lokal məsələ sayıla bilməz.
Naxçıvana diqqət – bütöv Azərbaycana diqqətdir
Səfərin başqa bir anlamı da özəlliklə vurğulanmalıdır.
Son illərdə təbii olaraq dövlətin çox böyük maliyyə, siyasi və inzibati enerjisi işğaldan azad edilmiş bölgələrimizin dirçəldilməsinə yönəlib. Böyük Qayıdış, yeni şəhərlər, kəndlər, hava limanları, yollar, məktəblər, sağlıq ocaqları, enerji infrastrukturu və b…
Ancaq Azərbaycanın inkişaf strategiyası yalnız azad edilmiş ərazilərin bərpasından ibarət deyil. – Naxçıvan səfəri bunu bir daha göstərir.
DOST Mərkəzi, sənaye parkı, enerji stansiyaları, yeni daşıma vasitələri, yüzlərlə kilometr yol, suvarma sistemləri, turizm infrastrukturu, tarixi abidələrin bərpası, şəhərin yeni Baş planı… – Bunların hər biri eyni siyasi fəlsəfənin ayrı-ayrı ifadələridir. Yəni: Azərbaycan yalnız ərazisini bütövləşdirmir, inkişaf məkanını da bütövləşdirir.
Bəlkə də Prezidentin Naxçıvan səfərinin əsas anlamını bax, elə burada axtarmaqda haqlıyıq.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az