![]()
Sevinc Qərib yazır
Beş il əvvəl 50 illik yubileyinə cəmi iki gün qalmış illərlə gözlədiyimiz haqq savaşının başladığı xəbərini aldıq. Və təbii ki, o günlərdə hamı kimi onun da bir amalı vardı: öz cəbhəsində üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək və Qələbə əzmini yüksək tutmaq. O təkcə iş otağında oturub gündəlik xəbər, informasiya yayımlamaqla kifayətlənmədi. Cəbhə bölgəsinə üz tutdu, düşmənin vandal xislətinin qurbanı olmuş mülki ərazilərə baş çəkdi, haqq səsimizi Türkiyə və digər ölkələrin mətbuatına çatdırdı.
Doğum tarixi sentyabrın 29-u olsa da, sənəddə noyabrın 1-i qeyd olunub. Müharibənin başlamasından təxminən bir ay sonra – sənəddəki doğum günü ərəfəsində onunla söhbətləşdik. Söhbət əsnasında dedi ki, “Kəlbəcərin qayıtması ən böyük yubiley hədiyyəm olar.” Müsahibəmiz də məhz bu başlıqla yayımlandı. Şükürlər olsun ki, Tanrı səsini eşitdi və o ən böyük hədiyyəsinə qovuşdu.
Bu gün – 29 sentyabrda dəyərli ziyalı, istedadlı şair, publisist və baş redaktor Namiq Dəlidağlının 55 yaşı tamam olur.
Onun haqqında ədəbi yaradıcılığından, jurnalist fəaliyyətindən, kitablarından danışmağa ehtiyac yoxdur – yetərincə tanınır, oxunur, sevilir. Mənim üçün isə Namiq müəllim – yaxşı dost, yaxşı insan anlayışının özü deməkdir. İllər əvvəl qiyabi olaraq qəzet səhifələrindən, şeirlərindən tanıdım. Daha sonra isə ədəbi aləmdə ilk addımlarımı atarkən qarşıma çıxan ilk böyük dəstəkçilərdən biri məhz o oldu. Sözə dəyər verdiyi üçün istedada da təmənnasız dəstək göstərməyi özünə amal bilib.
Ciddiyyəti, məsuliyyəti, təəssübkeşliyi ilə əhatəsində olanları bir komandada birləşdirib. Onunla 8 illik əməkdaşlığım boyu şahidi olmuşam ki, işində qüsursuzluq, mükəmməllik tələb edir. Hərdən acıqlansa da, bunun səbəbi bizi danlamaq deyil – imzamızın, adımızın zədələnməməsi üçün daşıdığı məsuliyyətdir.
Namiq müəllim ötkəm, sözünü çəkinmədən deyən, təpədən-dırnağa vətəndaş bir insandır. Sevgisi də, nifrəti də, qəzəbi də gizlədilməmiş, açıq-aydın, saf güzgü kimidir. Qayğıkeşliyi, mehribanlığı, kövrəkliyi isə onun xarakterini daha da bütövləşdirir.
Dost haqqında yazmaq həmişə çətin olur – çünki sözlər ürəyindəki qədər dərinliyi ifadə edə bilmir. Amma bir həqiqəti demək vacibdir: özü olmayan yerdə belə adı hörmətlə anılan, haqqında yalnız yaxşı danışılan insan olmaq böyük xoşbəxtlikdir.
Bu gün dəyərli dostumu, əziz həmkarımı, zabitəli baş redaktorumu 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Sağlam canla yaşasın, ömrü uzun, həyatı gözəl, uğurları bol olsun. Sevinci tükənməsin, arzuları gerçəyə çatsın. Səbirsizliklə gözlədiyimiz növbəti kitabının nəşri də tezləşsin.

29.09.2025
Sevinc Qərib
Subyekt.az