![]()
Bu gün tanınmış qələm sahibi, publisist, jurnalist, media rəhbəri, Kəlbəcərin ədəbi-mədəni mühitinin tanınmış simalarından biri Namiq Dəlidağlının doğum günüdür.
Namiq Dəlidağlının yaradıcılıq və ictimai fəaliyyət yoluna nəzər saldıqda, burada yalnız bir qələm adamının deyil, sözə məsuliyyətlə yanaşan, doğma Kəlbəcərin mənəvi yaddaşını yaşatmağı özünə mənəvi borc bilən bir ziyalının ömür yolunu görmək mümkündür.
Kəlbəcərin zəngin ədəbi-mədəni mühitindən gələn Namiq Dəlidağlı Azərbaycan ədəbiyyatında və publisistikasında özünəməxsus dəst-xətti ilə seçilən yaradıcı simalardandır. Onun fəaliyyətinin əsas mahiyyətində sözə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq, ictimai proseslərə həssas münasibət və doğma yurda sonsuz sevgi dayanır.
Namiq Dəlidağlının çoxşaxəli fəaliyyəti yalnız ədəbi yaradıcılıqla məhdudlaşmır. O, uzun illərdir Azərbaycan mediasında öz mövqeyi, prinsipial yanaşması və formalaşdırdığı peşəkar üslubu ilə tanınır. Qurucusu və rəhbəri olduğu Manevr.az və Dəlidağ.az xəbər saytları onun jurnalistikaya verdiyi töhfələrin mühüm istiqamətlərindən birini təşkil edir.
Bu media platformaları zamanla sadəcə informasiya resursu deyil, həm də Namiq Dəlidağlını tanıyan və onun mövqeyinə, sözünə, insanlara münasibətinə güvənən insanların doğmalıqla üz tutduğu ünvanlardan birinə çevrilib. Bu etimadın arxasında isə illər ərzində formalaşmış peşəkar münasibət, insan amilinə verilən dəyər və söz sahibinin məsuliyyəti dayanır.
Namiq müəllimin yaradıcılıq yolunda Kəlbəcər amili isə ayrıca bir məna daşıyır. Kəlbəcər onun üçün yalnız doğulub boya-başa çatdığı məkan deyil, həm də yaddaşın, mənəviyyatın, ədəbiyyatın və nisgilin ifadəsidir. Bu səbəbdən onun sözündə Kəlbəcərin dağlarının nəfəsini, insanlarının xarakterini, doğma yurdun ağrısını və sabaha olan inamını duymaq mümkündür.
Əziz və dəyərli Namiq müəllim!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq enerjisi və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Arzu edirəm ki, həyat yolunuz bundan sonra da uğurlarla, xoş xəbərlərlə və yeni yaradıcılıq nailiyyətləri ilə müşayiət olunsun. Qələminiz iti, sözünüz sanballı, yolunuz daim açıq olsun.
Ən böyük arzularımızdan biri isə budur: illər boyu həsrətində olduğumuz azad Kəlbəcərimizdə könül dolusu yaşamaq, yazmaq, yaratmaq, doğma yurdun havasını udaraq onun ədəbi-mədəni həyatına yeni töhfələr vermək hər birimizə nəsib olsun.
Doğum gününüz mübarək, Namiq müəllim!
Qoy ömrünüzün bundan sonrakı səhifələri də söz qədər mənalı, Kəlbəcər qədər əzəmətli və doğma yurd qədər əziz olsun.
Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az