![]()
İşlədiyim firmanın yanında bir çox iş yerləri vardı. Bəzən çoxdan bəri tanıdıqlarımla salamlaşırdım da. Bəzən iş yoldaşlarımla yaxınlıqdakı restoranda nahar edirdik. Onu orada görmüşdüm. Dostları ilə səmimi söhbətindən çoxdanın işçisi olduğunu anladım. Bəs bu vaxtacan onu niyə görməmişdim? Günlər keçir, onu düşünürdüm. Hər gördüyümdə isə qəribə hiss keçirir, ovuclarım keyiyib, tərləyirdi. Keçirdiyim o hislər əvvəl xoş olsa da, sonralar qəlbimin ağırlaşdığını hiss etməyə başladım. Sanki köksümdə ağırlıq yaşayırdım. Düşüncələrim dərinləşdikcə addımlarım ağırlaşırdı. Ayaqlarımın məni ona aparmasını istəyirdim. Yollarım ona getsə, sözlərim onunla bitsə!.. Qəribələşmişdim. Onu görmək üçün bilərəkdən yolumu dəyişir, nahar zamanı onun masasına yaxın əyləşirdim. Bunlar məni sevindirirdi. Lakin günlər keçdikcə sevinclər həyacanlı anlara, sonra qəlb sızıltısına, xəyal qırıqlığına sürükləyirdi. Çarəsizlik isə daha ağır yüküm idi. Bəzən qəlb göynərtimi elə müdhiş formada hiss edirdim, lap sinəmə bibərlər sürülmüş kimi. Bəzən göz yaşlarım məni ovutmurdu. Artıq mənim bir dünyam vardı. Onunla olan onsuz dünyam. Ancaq çox keçmədi, o da məni hiss etməyə başladı deyəsən. Aram-aram baxışları məni məndən alıb dünyanın yeddinci qatına, mələklər və xoşbəxt insanların yaşadığı dünyaya aparırdı. Deyəsən məhəbbətim qarşılıqsız qalmamışdı. Axır ki, eşq mürgülü dünyam şirin yuxusundan oyanmışdı. Gözlərimi gözlərindən çəkə bilmədiyim o insanın da aram-aram mənə baxdığını hiss edirdim. O da məni sevmişdi deyəsən. Bu necə də müdhiş bir hisdir. Günlər keçir biz daha da doğmalaşırdıq. Bir gün yenə onu gördüm. Salamlaşdıq, addımlarımız eyniləşdi. Sükutu pozan da ilk onun səsi oldu. Qışın soyuqluğu və bununla belə gözəlliyindən danışdı. Onunla söhbətə qoşulmaq istədim, ancaq nə etdimsə, danışa bilmədim, cümlələr bölük, itgin düşdü ağzımın içində, dilim topuq vurdu. Sözlər yox olub əridi və çarəsizlikə sadəcə başımı yelləyərək həmfikir olduğumu bildirdim. Mənə baxıb jestimə qarşılıq verərək başı ilə təsdiqlədi. Ayaqlarım yerdən üzüləcəkdi, ancaq içimdə qopan hərarət ayaqlarımın yerdən üzülməsinə imkan vermədi. Yelkəbsiz gəmi kimi fikirlərim laməkan oldu deyəsən. Dayandım bir anlıq. O, çevrilib mənə yaxınlaşaraq dedi: “Sabah iş günü deyil və mən sizi çaya dəvət etmək istəyirəm.” Təkcə sözlərimi deyil dilimi də udmuşdum sanki. Lalmı olmuşdum yoxsa?.. Heç nə deyə bilmədim. Düşdüyüm vəziyyət onda gülüş oyatdı və görüşəcəyimiz vaxtı deyib aralaşdı. O gün həyəcandan nahar da etmədim. Səsi qulağımda səslənirdi. Gecə yuxum ərşə çəkildi. Səhərədək geyimim və necə danışacağım, çayımı hansı əllə tutacağımı düşünüb durdum. Səhər saçlarımı burmağım xeyli vaxt çəksə də, həyacanım bitmədi ki, bitmədi. Güzgü qarşısında eyni səhnəni, əl verib salamlaşmağı, gətirəcəyi gülləri necə alacağımı məşq etdim. Su kimi axan zamanın iri dalğalarına qoşulub həmin yerə gəldim. Həyacanıma qalib gələcəyimə söz versəm də, o hiss yenə də məni üstələdi.Yuxu kimi görünsə də, onun görüşünə gəlmişdim. Evdə təkrarladığım səhnələri burada ard-arda edəcəkdim, amma bir anlığa hamısını unutdum və nə edəcəyimi bilmədim. Pərdələri qalxmış səhnənin sözlərini unutmuş aktyoru idim sanki. Diqqətimi çəkən tək şey onun gülsüz gəlməsi idi. Deyəsən həyəcandan gül almağı unutmuşdu. Axı mən təşəkkürlə başlayan sözlərimi o an deyəcəkdim. Ona baxdıqda nəzərinin məndə olmadığını gördüm. Düşündüm ki, utanır. Əyləşdik. Çayları süzdü. Nəlbəkinin kənarındakı zolaqlar məndən çox nəzərini çəkmişdi deyəsən onun. Buruq saçlarıma, gözəl geyimimə və qolumdakı biləziklərimə baxmadan gözü nəlbəkidə ola-ola mənim sizə bir təşəkkür və xahişim olacaq dedi. Susurdum və adımı dilimin ucunda tutmuşdum, indicə soruşacaq deyə. Heç öz adını da deməmişdi. Söhbətə girişdi elə danışır-danışırdı. İşdən, yoldaşlarından, ən çox da müdirindən danışaraq onun yaxşı insan olduğunu və bu aralar eşqə düşdüyünü deyirdi. Mən bu mövzunun tez bitməsini qəlbən çox istəsəm də nədənsə tanımadığım müdirin ünvanına “kimdir bu şanslı xanım?” dedim. O, qəlbimi ovlayan, gülüşüylə çaydan azca içib “Siz” dedi. “Nə, necə yəni?” “Bəli, siz. O, ilk gündən sizə vurulub. Bilirsiz, o çox mərd oğlandır, üstəlik sizi də çox sevir, lakin utancaqdır. İstədi ki, xəbəri sizə mən verim. O indi bizi gözləyir. Gəlin onu çağıraq və gözəl cavabınızı deyin”. Mən susur, susurdum, ancaq bu dəhşətli yuxudan oyanmağımı gözləyirdim. Sual dolu kədərimin verdiyi mürgülərdən məni oyadan da elə o oldu. Əllərimi əlinə aldı və pıçıltı ilə dedi. “Mənə söz ver ki, sən onu xoşbəxt edəcəksən”. Göz yaşlarım sel olub qulaqlarıma dolmuşdu sanki. Heç nə eşitmirdim, beynimdə yalnız bu söz dolaşırdı. Mənə söz ver ki…
Aynur Turan
Subyekt.az