![]()
26 iyun 2025-ci il tarixdə Aşura və digər dini ayin və mərasimlərin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilməsi və tənzimlənməsi ilə bağlı yaradılmış qərargahın iclası keçirildi. İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri, qərargahın üzvləri və din xadimləri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildiridi ki, Azərbaycanda istər müsəlman, istər qeyri-müsəlman olsun hər kəsə öz inancından irəli gələn ayinlərin, dini mərasimlərin azad keçirilməsi üçün lazımi şərait yaradılıb. Lakin dini mərasimlər zamanı bəzi prinsiplərə əməl etmək lazımdır. İlk növbədə, dini mərasimlər ictimai asayişi pozmamalıdır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir.Dini mərasimlərin adət-ənənələrə uyğun keçirilməsi, yad dini təsirlərin müdaxiləsinə yolverilməməsi də vacib məqamlardan biridir. Bunlardan başqa, dini mərasimlərdə siyasi çağırışların səsləndirilməməsini, müxtəlif dini atributların yalnız məscidlərin daxilində nümayiş olunmasını, ayinlərin icrası zamanı xurafata, ifratçılığa yol verilməməlidir. Məhərrəmliyin mahiyyəti bədbinlik əhval-ruhiyyəsi yaymaq deyil, fədakarlığı, dəyanətə çağırışı, vətənpərvərlik ruhunu, əhdə vəfanı təcəssüm etdirməkdir. Biz xalq olaraq zülmə məruz qalmağın acı nəticələrini Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması ilə yaşadıq. Lakin bütün çətinliklərə baxmayaraq, 44 günlük Vətən müharibəsində xalqımızın sarsılmaz birliyinin, həmrəyliyinin, fədakarlığının, dəyanətinin şahidi olduq. Məhz xalqımızın cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına zəmanət verdi. Bu müharibə Azərbaycanın vətənpərvər övladlarının nə qədər cəsur və fədakar olduğunu bir daha təsdiqlədi. Bu baxımdan məhərrəm ayı Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin anılması üçün müqəddəs məqamdır.
Sonda İcra başçısı Məhərrəm ayında mərasimlərin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilməsi barədə tədbir iştirakçılarına və Qərargah üzvlərinə müvafiq tapşırıq və tövsiyələr verdi.
Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəsi Əlifağa Murtuzov Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə bağlı fətvasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
İclasdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filiminin nümayışı oldu.

.

.

.

Subyekt.az