![]()
Bu gün – 18 Oktyabr, Azərbaycan tarixinin ən önəmli, şərəfli və unudulmaz günlərindən biridir.

1991-ci ilin məhz bu günündə Azərbaycan parlamenti tarixi sənəd – “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla xalqımız, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, müstəqil dövlətçilik ənənələrini bərpa etdi və öz milli iradəsini qürurla beynəlxalq ictimaiyyətə açıqladı.
Bu qutlu gün, sadəcə, tarixi bir qərarın yox, xalqın azadlıq əzminin, milli ruhun və dövlət qurmaq iradəsinin təntənəsiydi. Müstəqilliyin bərpasından ötən illər içində Azərbaycan dövləti bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü tam təmin etmiş, postmünaqişə dönəminin uğurlu modelini qurmuş, Zəfərdən doğan dirçəliş dövrünü yaşayır.
Müstəqillik, həm də məsuliyyət və mənəvi borc deməkdir. Bu borc – dövlətçiliyimizi qorumaq, milli həmrəyliyimizi möhkəmləndirmək, Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna sədaqət göstərməkdir.
Bu anlamlı gündə xalqımızı, dünya azərbaycanlılarını, müstəqilliyimizin bərpası və möhkəmlənməsi naminə xidmət göstərmiş bütün fədakar vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, şəhidlərimizi sayğılarla yad edir, haqq dünyasında olan bütün müstəqillik fədailərinə rəhmət diləyirik.
Bu il – Konstitusiya və Suverenlik İlində, biz Müstəqilliyin Bərpası Gününü də digər bayramlarımız kimi — Zəfərin, Qayıdışın və Dirçəlişin işığında, qürurla qarşılayırıq.
Bayrağımız daim ucalarda dalğalansın,
dövlət müstəqilliyimiz əbədi olsun!
Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Subyekt.az