![]()
Azərbaycanın müstəqillik tarixində elə adlar var ki, onlar yalnız bir insanın taleyini deyil, bütöv bir xalqın iradəsini, mübarizəsini və şərəfini təcəssüm etdirir. Qarabağ uğrunda gedən döyüşlərdə canını fəda edən igidlərimizdən biri – tabor komandiri Mahir İbrahim oğlu Quliyev də məhz belə ölməz qəhrəmanlardandır.
1969-cu ilin 14 mart tarixində Kəlbəcərin Quzeyçirkin kəndində dünyaya göz açan Mahir Quliyev hələ gənc yaşlarından Vətənə xidmət yolunu seçmişdi. Bakı Ali Hərbi Ümumqoşun Məktəbində aldığı təhsil, sonradan Rusiyanın Samara şəhərində davam etdirdiyi hərbi xidmət onun peşəkar zabit kimi formalaşmasında mühüm rol oynadı. Lakin onun əsl missiyası 1991-ci ildə Vətənə qayıtdıqdan sonra başladı.
Torpaqlarımızın işğal təhlükəsi ilə üz-üzə qaldığı ən ağır günlərdə Mahir Quliyev silaha sarılaraq “Goranboy batalyonu”nun sıralarında döyüşə atıldı. Goranboy, Ağdərə və Tərtər istiqamətlərində gedən döyüşlərdə göstərdiyi şücaət onun adını döyüş yoldaşları arasında xüsusi hörmətlə çəkilənlər sırasına daxil etdi. Qısa zamanda hərbi bacarığı, cəsarəti və liderlik keyfiyyətləri ilə seçilən zabit 1992-ci ildən etibarən “Əfsanəvi alay”da tabor komandiri kimi ən çətin və məsuliyyətli döyüş tapşırıqlarını üzərinə götürdü.
Onun rəhbərlik etdiyi dəstə Ağcakəndin düşməndən təmizlənməsində, Laçın, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətlərində müdafiə və hücum əməliyyatlarında xüsusi fəallıq göstərdi. Xüsusilə Laçın bölgəsində apardığı döyüşlər Mahir Quliyevin sərkərdəlik istedadını bir daha sübut etdi. O, yalnız əmr verən komandir deyildi – döyüşün ən qaynar nöqtəsində əsgərləri ilə çiyin-çiyinə vuruşan, onlara ruh verən bir lider idi.
1993-cü ilin 8 aprelində Murovdağın ətəyində, Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə Mahir Quliyev qəhrəmancasına şəhid oldu. Onun ömrü qısa olsa da, qoyduğu iz əbədi oldu. 10 aprel tarixində Bakı şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılan bu igid oğul artıq xalqın yaddaşında bir qəhrəmanlıq simvoluna çevrildi.
Bu gün biz onun anım gününü qeyd edərkən yalnız bir insanı deyil, bütöv bir nəsli – Vətən uğrunda canından keçənləri ehtiramla yad edirik. Mahir Quliyev kimi qəhrəmanların qanı yerdə qalmadı. Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad edildi. Bu zəfərin təməlində məhz şəhidlərimizin müqəddəs qanı dayanır.
Mahir Quliyev yaşadığı ömürlə sübut etdi ki, Vətən sevgisi sözlə deyil, əməl ilə ölçülür. Onun həyat yolu gənc nəsil üçün bir örnək, bir məktəbdir. Bu məktəbdə ən ali dərs isə budur: Vətən uğrunda yaşamaq da şərəfdir, can vermək də.
Ruhunuz şad olsun, qəhrəman şəhidimiz. Sizin kimi igidlərin sayəsində bu gün Azərbaycan torpaqlarında azadlıq nəfəsi duyulur, üçrəngli bayrağımız qürurla dalğalanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rövşən Hüseynli
Subyekt.az