![]()
Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən Murovdağın altından çəkilən tuneldə işlərin böyük hissəsi yekunlaşıb. Artıq tuneldən avtomobillər rahat keçib gedə bilirlər. Tuneldə bütün tamamlama işləri həyata keçirildikdən sonra istismara veriləcək.
Subyekt.az Musavat.com-a istinadla xəbər verir ki, Murovdağ tuneli strateji əhəmiyyət daşıyır və uzunluğu 11,6 kilometrdir.
5 ilə yaxındır inşası gedən tunel Qafqazda ən uzun tunel olacaq. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılıb. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilir. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enindədir.
Subyekt.az