![]()
İyulun 10-da “Murov Kəlbəcər” Futbol Klubuna dəstək qrupunun ilk görüşü keçirilib.
Görüşdə klubun təsisçisi İlqar Məmmədov, baş məşqçi Orxan Babayev, köməkçi məşqçi Cəlaləddin Sarıyev, ziyalı Sabir Hacıoğlu Mirzəyev, “Başlıbel” İctimai Birliyinin sədri Vüqar Həşimov, həkimlər Zohrab Şirinov və Rahim Xudiyev, eləcə də Subyekt.az informasiya portalının təsisçisi və baş redaktoru Rövşən Hüseynov iştirak ediblər.
Görüş zamanı “Murov Kəlbəcər” FK-nın inkişaf strategiyası, qarşıdakı mövsüm üçün müəyyənləşdirilən hədəflər, klubun maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun inkişafı və azarkeş dəstəyinin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər ətrafında geniş müzakirələr aparılıb.
Çıxış edənlər bildiriblər ki, “Murov Kəlbəcər” FK təkcə futbol klubu deyil, həm də Kəlbəcərin idman ənənələrinin, milli ruhunun və doğma yurda bağlılığın təcəssümüdür. Vurğulanıb ki, klubun uğurları regionun idman həyatına mühüm töhfə verməklə yanaşı, gənclərin futbola marağının artırılmasına da xidmət edəcək.
Görüş iştirakçıları Kəlbəcər ictimaiyyətinə, sahibkarlara, iş adamlarına və bütün kəlbəcərlilərə müraciət edərək, doğma yurdun adını daşıyan komandaya mənəvi və maddi dəstək göstərməyə çağırıblar. Qeyd olunub ki, Zəfərdən güc alan bu komandanın inkişafına töhfə vermək hər bir kəlbəcərlinin vətənə və doğma yurda bağlılığının ifadəsidir.
Sonda iştirakçılar “Murov Kəlbəcər” Futbol Klubunun qarşıya qoyduğu məqsədlərə qısa müddətdə nail olacağına əmin olduqlarını bildirərək, komandanın uğurları naminə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.





#Kəlbəcər #MurovKəlbəcər
Subyekt.az