![]()
Müasir dövrdə şagirdlərin kitab oxumağa marağının azalmasının əsas səbəblərindən biri sosial şəbəkələrdən və elektron vasitələrdən istifadənin artmasıdır. Bununla belə, şagirdlərin oxumaqdan tamamilə uzaqlaşdığını söyləmək düzgün olmazdı.
Bu fikirləri Subyekt.az AZƏRTAC-a istinadən açıqlamasında Bakı şəhəri 276 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Nüşabə İbrahimova deyib. Müəllim bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı şagirdlərin məlumat əldə etmə vərdişlərinə də təsir göstərib: “Şagirdlərin oxumağı tamamilə dayandırdığını deməzdim. Sadəcə, onlar məlumat əldə etmək üçün yeni metodlara üstünlük verirlər. Telefon, kompüter və digər elektron vasitələrlə özlərinə lazım olan məlumatları daha sürətli tapa bilirlər. Elm və texnologiya daim inkişaf edir və bu inkişaf şagirdlərin maraq dairəsinə, eləcə də öyrənmə üsullarına təsirsiz ötüşmür.
Riyaziyyat müəllimi olmağıma baxmayaraq, dərs zamanı bəzi şagirdlərin masasında yaşlarına və maraqlarına uyğun bədii ədəbiyyat görürəm. Bu, onların oxumağa marağının hələ də olduğunu göstərir.
Bir müəllim və valideyn olaraq düşünürəm ki, uşaqlara düzgün istiqamət vermək vacibdir. Uşaq hansı ədəbiyyatın onun yaşına və inkişaf səviyyəsinə uyğun olduğunu bilməlidir. Bu məsələdə həm müəllimlərin, həm də valideynlərin üzərinə məsuliyyət düşür. Uşaqların kitabdan müəyyən qədər uzaqlaşmasının əsas səbəblərindən biri onların erkən yaşlardan telefon və digər elektron vasitələrdən istifadəyə alışmasıdır. Bu gün telefon, kompüter və digər elektron vasitələr şagirdlərin daim əlinin altındadır. Onlar istədikləri məlumatı qısa zamanda, hətta bir yerdən digər yerə gedərkən belə əldə edə bilirlər. Buna görə də vaxt itirmədən elektron vasitələrdən oxumağı və öyrənməyi daha əlverişli hesab edirlər. Lakin bu, o demək deyil ki, uşaqların elmə və öyrənməyə marağı yoxdur. Öz şagirdlərimin timsalında görürəm ki, onların öyrənməyə və inkişaf etməyə maraqları var”.
Müəllim qeyd edib ki, internet və sosial şəbəkələrdən əldə olunan bütün məlumatlar etibarlı və dəqiq olmaya bilər. Bu səbəbdən şagirdlər məlumat əldə edərkən ilk növbədə müəllimlərin izahlarına, dərsliklərə və etibarlı mənbələrə üstünlük verməli, elektron resurslardan isə əlavə araşdırma vasitəsi kimi istifadə etməlidirlər.
“Mən öz fənnim üzrə də bəzən müxtəlif internet resurslarında məlumatlarla rastlaşıram və görürəm ki, bəzi məsələlər tam izah olunmur və ya müəyyən səhvlərə yol verilir. Buna görə də şagirdlərə hər zaman deyirəm ki, ilk növbədə dərsi müəllimin izahı və dərslik əsasında öyrənsinlər, daha sonra əlavə məlumat əldə etmək üçün müxtəlif mənbələrə müraciət etsinlər. Əvvəlki dövrlərdə şagirdlər dərsliklərdən daha fəal istifadə edir, mövzularla bağlı vacib məlumatları qeyd edərək onları sonradan təkrar nəzərdən keçirirdilər. Hazırda isə şagirdlərin bir qismi məlumat axtarışını əsasən elektron vasitələr üzərindən həyata keçirir.
Şagirdlərin yenidən kitaba yönləndirilməsi isə ilk növbədə, müəllimlərin və valideynlərin birgə fəaliyyətindən asılıdır. Biz müəllimlər uşaqlara kitabdan istifadə etməyin əhəmiyyətini izah etməliyik. Əgər onların əllərinin altında dərslik varsa, heç olmasa, dərslərini mütləq kitabdan oxumalıdırlar. Çünki dərsliklərdə mövzu ilə bağlı çoxlu məlumatlar var. Mən riyaziyyat müəllimi kimi şagirdlərdən məsələləri və misalları yazmağı, həll etməyi və işləməyi tələb edirəm. Müşahidələrim göstərir ki, bu cür sistemli işləməyi bacaran şagirdlərin nailiyyətləri də daha yüksək olur. Müasir texnologiyalardan istifadə vacibdir, lakin kitabın və sistemli oxunun şagirdin bilik və bacarıqlarının formalaşmasında rolu dəyişməz olaraq qalır”, – deyə Nüşabə İbrahimova vurğulayıb.
Subyekt.az