![]()
Kəlbəcər millət vəkili Mircəlil Qasımlı ilə bağlı sosial şəbəkələrdə yayılan tənqidlər bu gün müzakirə mövzusuna çevrilib. Bəzi platformalarda deputatın Milli Məclisdə çıxış etməməsi, seçicilərin problemlərini gündəmə gətirməməsi və əsasən tədbir fotoları paylaşması ilə bağlı ittihamlar səsləndirilir. Təəssüf doğuran məqam odur ki, bu tənqidlərin əksəriyyəti deputatın fəaliyyətini dərindən araşdırmadan, daha çox piar məqsədilə ortaya atılır.
Əslində isə sual doğuran ilk məsələ deputatların Milli Məclisdə çıxış imkanlarının tənzimlənməsi olmalıdır. Çünki məlum olduğu kimi, deputatların söz alma prosesi bəzən texniki və prosedur maneələrlə üzləşir. Yaxın günlərdə deputat Səyyad Aranla parlamentin spikeri Sahibə Qafarova arasında baş verən dialoq da bunun təsdiqidir. Səyyad Aran çıxışa yazılmaq üçün dəfələrlə düyməni basmasına baxmayaraq, adının elektron siyahıya düşmədiyini bildirmiş və spiker ona jest edərək söz vermişdi.
Digər tərəfdən, parlamentdə elə deputatlar var ki, tribunanı sanki “monopoliyaya” çevirərək müxtəlif məsələlər üzrə fikirlərini davamlı şəkildə yalnız özləri səsləndirirlər. Halbuki Milli Məclisdə təmsil olunan təcrübəli deputatlar – ağsaqqallar – gənc həmkarlarına da söz imkanı yaratmalı, onların təşəbbüslərinin qarşısını almamalıdır. Gənc millət vəkillərinə tribuna verilməməsi, təbii olaraq seçicilərin onlardan narazı qalmasına səbəb ola bilər.
Xüsusilə işğaldan azad edilmiş ərazilərin – Böyük Qayıdış proqramı çərçivəsində – məskunlaşma, məşğulluq, təbiətin mühafizəsi və digər vacib məsələlərin müzakirəsi gənc deputatların da fəal şəkildə iştirakı ilə daha səmərəli ola bilər. Son günlər Kəlbəcərin bəzi kəndlərində meşə və meyvə ağaclarının kəsilməsi ilə bağlı yayılan görüntülər də parlamentdə ciddi müzakirə tələb edən məsələlərdəndir.
Bu gün Milli Məclisin üzərinə düşən əsas vəzifə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramına effektiv dəstək göstərməkdir. Bunun üçün deputatlar, xüsusilə də gənc millət vəkilləri, vətəndaşlarla daha sıx təmasda olmalı, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində nazirliklər qarşısında məsələ qaldırmalıdırlar.
Biz seçicilər inanırıq ki, hər bir millət vəkili ona göstərilən etimadı doğrultmağa çalışır. Ona görə də hələ yeni fəaliyyətə başlayan, vətəndaşlarla işləmək təcrübəsi formalaşmaqda olan gənc deputatları linç etmək əvəzinə, onların inkişafına dəstək göstərməliyik. Yeni yanaşmaların formalaşmasına, daha sağlam siyasi mühitin yaranmasına birlikdə töhfə verməliyik.
Prezidentin son mesajını da xatırlatmaq yerinə düşər: “Kimlərinsə təsir dairəsinə düşmədən, sərbəst şəkildə öz vəzifələrinizi icra edin. Kiminsə sifarişi ilə hərəkət edərək nüfuzunuza xələl gətirməyin.”

Rövşən Hüseynli
Subyekt.az