
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlunun vəkili-Bakı Mühəndislik Universitetinin tədris işləri üzrə dekan müvini Osman Mirzəyev 17 avqust 2024-cü il tarixində Qaradağ rayon, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı peşə litseyində həmin ərazidə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının vəkili Osman Mirzəyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşmənə diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur. Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Kəlbəcərdə də yenidənqurma işləri aparılır. Bu il ilki qeyd olunacaq şəhər günündə yaşayış məntəqəsinin bərpası və yenidən salınması daha sürətli vüsət alıb. Bunun üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Bu planlamanın ilk mərhələsində kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılıb. Osman Mirzəyev qeyd etdi ki, inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək öz mövqeyinizi ifadə edərək ən layiqli namizəd Mircəlil Qasımlıya səs verəçəksiniz. Əmin olun ki, ona göstərdiyiniz etimadı ləyaqətlə doğruldacaq. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacaq.
Ziyalılardan əməkdar müəllim Hüseyn Şahbəndəyev və digərləri çıxış edərək bildirdilər ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən dörd il keçməsinə baxmayaraq, bu qısa zaman kəsiyində ölkəmizin həyatında yeni dövr başlayıb. Dövlət başçımız çıxışlarında bildirib ki, bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik. Bəli, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesi sürətlə, uğurla dava etməkdədir. Ən əsası isə, xalq görülən işlərin şahidi olur, Qalib Liderimizin gördüyü işləri bəyənir, dəstəkləyir.
Görüşdə çıxış edən seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az