123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı 29 avqust 2024-cü il tarixində Kəlbəcər rayonundan olan polkovnik-leytenant, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Əliyev Anar Vaqif oğlunun Gəncə şəhərində yaşayan ailəsini ziyarət edib. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, şəhid Anar Əliyevin göstərdiyi şücaət və qəhrəmanlıqlarından bəhs olunub. Namizəd Mircəlil Qasımlı bildirib ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı ordumuz böyük zəfərə imza atdı, torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsi ilə ordumuz Ermənistan ordusunun məğlubedilməzlik mifini məhv etdi. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, güclü ordu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyev 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Prezidentin Sərəncamı ilə Kəlbəcər bir nömrəli məktəb Anar Əliyevin adına verilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Ruhları qarşısında baş əyirik.
Subyekt.az