123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Leytenant Nicat Habil oğlu Atayevin Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan valideynlərini ziyarət edib. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, leytenant Nicat Atayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Mircəlil Qasımlı bildirib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir.
44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Şəhidin valideynləri onlara göstərilən qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, şəhid leytenant Atayev Nicat Habil oğlu 5 mart 1994-cü ildə Mingəçevirdə doğulub. Əslən Kəlbəcər rayonundandır. 2000-ci ildə Bakıda 200 №li məktəbdə təhsilə başlayıb. 10-cu sinifdən təhsilini Gəncədə 55 №li Kəlbəcər məktəbində davam etdirib.
Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan şəhərindəki hərbi hissədə keçib. 2013-cü ildə xidmətini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin fiziki hazırlıq fakültəsinə daxil olub. Ali təhsili bitirdikdən sonra sənədlərini Müdafiə Nazirliyinə təqdim edib. 2019-cu ildə 3 aylıq zabitlik kursunu başa vurduqdan sonra Füzulidə hərbi xidmətə başlayıb.
2020-ci il sentyabrında başlanan II Qarabağ müharibəsində fəal iştirak edib, döyüşə ilk atılanlardan olub. Elə ilk gündə şəhadətə yüksələn Nicat Atayev Vətən müharibəsinin ilk şəhidlərindəndir.
Nicat Atayev şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Subyekt.az