123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 27 avqust 2024-cü il tarixində Oğuz rayonunda yerləşən Calut kənd klubunun akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, əsrə bərabər 20 ilin zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Sonra namizədin vəkilləri – Şəhid ailəsi, şair Ələkbər Sönməz, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, ziyalılardan – Hilal Səlimov, İsa Cəfərov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı Rəşadətli Ordumuzla azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var. 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir güclü ordusu var. Ölkəmizdəki azad seçki mühiti, eyni zamanda 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputalığa namizəd Mircəlil Qasımlı haqqında danışdılar. Vurğuladılar ki, deputalığa namizəd Mircəlil Qasımlı öz potensialı, insanlarla işləmək bacarığı, şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə millət vəkili seçilməyə layiqdir.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı illərdə də, Vətən müharibəsi dövründə də bu həyati məsələnin öhdəsindən bacarıqla gəldi və minlərlə insanı ölümün caynağından qurtararaq Xilaskar Sərkərdə kimi tarixə düşdü. Uzun illər səbirlə, təmkinlə torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsinə çalışması da məhz Prezident İlham Əliyevin humanistliyinin, uzaqgörənliyinin və insan həyatına verdiyi dəyərin təcəssümüdür. Bir ideya, bir amal ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldi. Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə – Azərbaycan xalqına qaytarıldı. “Qarabağ Azərbaycandır!” şüarı, torpaqlarımızın azad edilməsi arzusu reallaşdı. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə öz töhfələrimizi verəcəyik, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə səy göstərəcəyik.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az