
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 28 avqust 2024-cü il tarixində Kəlbəcər şəhərində seçicilərlə görüş keçirdi.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu görüş iştirakçılarına namizədin seçki platforması barədə ətraflı məlumat verdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Kəlbəcər rayonunda bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir. Sentyabrın 1-də işğaldan azad olunmuş digər ərazilər kimi, Kəlbəcərdə də ilk dəfə Milli Məclisə seçkiləri keçiriləcək. Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra geri qaytarılan torpaqlarda keçirilən ilk seçkilər ölkəmiz üçün çox əlamətdardır.
Sonra namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Azərbaycan Savat Federasiyanın prezidenti əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyev və başqaları çıxış edərək seçkilərdə yaradılmış azad rəqabət mühitindən bəhs etdilər. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası uzun illər doğma yurdlarının həsrətini çəkən, torpaqlarından məcburi şəkildə ayrı düşən insanlarımızı ən müqəddəs arzularına qovuşdurdu. Beləliklə, ölkəmizin tarixində yeni bir dövr başladı. İctimai-siyasi həyatın bütün sahələrində həyata keçirilən ciddi dəyişikliklər birmənalı olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini də labüd etdi. Vurğuladılar ki, azad Kəlbəcərimizdən deputalığa namizəd Mircəlil Qasımlı yüksək potensiala, insanlarla işləmək bacarığına, yüksək bilik və bacarıqlara malikdir. Bütün bunlar onu deməyə əsas verir ki, seçicilərimiz düzgün seçim edəcəklər, Mircəlil Qasımlı hər birimizin parlamentdə eşidilən səsi olacaqdır.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, 2020-ci il tariximizə Qələbə ili kimi yazıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyinin, həmrəyliyinin sayəsində 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın illərdir dilədiyi torpaqlarımıza qovuşmaq istəyi, arzusu reallaşdı.“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmiz üçün əlamətdar və önəmlidir. Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq parlament seçkiləri ölkəmizin bütün ərazilərində, suveren hüquqlarımızın bərpa olunduğu torpaqlarda da keçiriləcək. Çox böyük sevinc və qürur hissi yaşayıram”.Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər. Qeyd etdilər ki, Kəlbəcərdə də ilk dəfə olaraq ərazi bütövlüyümüz bərpa olunandan sonra prezident seçkilərində iştirak etdik. İndi isə Milli Məclis seçkilərində iştirak edib öz layiqli namizədimizə Qasımlı Mircəlil səs verəcəyik.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az