
1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 22 avqust 2024-cü il tarixdə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət evinin akt zalında kəlbəcərli seçicilərlə görüş keçirdi.
İlk öncə Xalqımıızn böyük oğlu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik skütla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı güclü əks-hücum əməliyyatları aparan Azərbaycan Silahlı Qüvvələri öz şücaəti ilə XXI əsrdə müasir müharibə aparmağın parlaq örnəyini ortaya qoymuşdur. 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə sadiq qalan Azərbaycan sonunda bu problemi özü həll etmiş, illərdir nəticəsiz qalan məlum BMT qətnamələrini uğurla icra edərək ədaləti bərpa etmişdir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü, qürurlu və sevincli günləri bundan sonra da davam edəcəkdir. Biz doğma yurdumuza birdəfəlik qayıtmışıq. Bundan sonra heç bir qüvvə bizi dədə-baba yurdumuzdan ayıra bilməz. Biz bir yerdə olanda daha güclüyük! Yaşasın müstəqil Azərbaycanımız! Yaşasın dünya şöhrətli liderimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!
Namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, bu gün inkişaf edən, böyük uğurları ilə dünya birliyində özünə layiqli yer tutan, 44 günlük Zəfər müharibəsi ilə tarixi torpaqlarına qovuşan bütöv, müstəqil Azərbaycanın vətəndaşı olmaq hər birimiz üçün qürur yeridir. Bu gün artıq dünya azərbaycanlıları Zəfər Gününü böyük qürurla qeyd edir. Çünki ölkəmizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə həm də milli qürurumuzun təntənəsidir! Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Möhtərəm Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı hər gün artır. Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.
Görüşdə çıxış edən seçicilərdən rayonun axundu Mirxalid Ağayev və digərləri qeyd etdilər ki, 2024-cü il 1 sentyabr seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan soydaşlarımızın bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadlıqla bərpa olunan, cənnət məkana çevrilən öz doğma torpaqlarında – Kəlbəcərdə və azad olunmuş digər yerlərdə səs verəcəklər. Çünki bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu şəraitdə keçirilir.
Seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024