123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 29 avqust 2024-cü il tarixində Gəncə şəhəri Hacıməlik qəsəbəsində yerləşən Kəlbəcər rayon 99 saylı orta məktəbin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev görüş iştirakçılarını namizədin seçki platforması ilə tanış etdi. Qeyd etdi ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasəti dövlət başçımız İlham Əliyev uğurla davam və inkişaf etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirib. Bu gün qalib Azərbaycanın razılığı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Sarsılmaz xalq-iqtidar birliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək, 44 günlük günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən, Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən bəhs etdi. Vurğuladı ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz inkişafının yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə dövlətimizin qüdrətini daha da artırıb. Ölkəmizdə aparılan quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi biz kəlbəcərlilərdə də yüksək ovqat yaradıb. Mən də seçicilərimə güvənərək 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Əziz seçicilər, sizə təqdim olunan platformamda birlikdə görəcəyimiz işlər, azad Kəlbəcərimizin inkişafı naminə həyata keçirəcəyimiz layihələr əksini tapıb. İnanıram ki, seçkilərdə mənə etimad göstərəcəksiniz və qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.
Sonra namizədin vəkilləri – Şəhid ailəsi, şair Ələkbər Sönməz, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, Azərbaycan Savat Federasiyanın prezidenti, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyev və başqaları çıxış edərək ilk dəfə bütün ərazilərimizdə keçirlən parlament seçkilərinin əhəmiyyətindən bəhs etdilər. Qeyd etdilər ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı yüksək bilik və bacarıqlara, potensiala, vətəndaşlarla işləmək bacarığına, ünsiyyət qurmaq məharətinə malikdir. Ona görə də sizi parlament seçkilərində namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırırıq.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az