
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 21 avqust 2024-cü il tarixində Abşeron rayonu Gənclər şəhərciyində yerləşən Kəlbəcər rayon 13 №li tam orta məktəbin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev seçicilərə namizədin platforması barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini ləyaqətlə davam etdirərək Azərbaycanı qalib ölkəyə çevirdi. Bu gün bütün dünya Azərbaycanı qüdrətli dövlət kimi qəbul edir, bölgədə bütün şərtləri qalib ölkə kimi məhz Azərbaycan diqtə edir. Zəfərlə başa çatan Vətən müharibəsi, eyni zamanda bir günlük lokal antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam təmin olunması, Qarabağda, Şərqi Zəngəzurda quruculuq işlərinin aparılması xalqımızda yüksək əhval-ruhiyyə yaratmışdır.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uzaqgörənliklə davam etdirərək torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına tarixi Zəfər qazandıq. Bütün bunlar hər birimizdə gələcəyə daha böyük inam yaratmışdır. Mən də seçicilərimə güvənərək 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputalığa namizədliyimi irəli sürmüşəm. Mənim seçicilərimin arzu və istəklərini əhatə edən aydın, məqsədyönlü platformam var. Hesab edirəm ki, biz bu platformada qeyd olunanları sizinlə birlikdə həyata keçirəcəyik, azad Kəlbəcərimizin yenidən qurulması naminə birlikdə çalışacağıq.
Sonra namizədin vəkilləri – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, tanınmış ziyalı Arzuman Qarayev və başqaları çıxış edərək qarşıdan gələn parlament seçkilərinin ölkəmiz üçün mühüm siyasi hadisə olduğunu vurğuladılar. Natiqlər 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlının potensialı, insanlarla işləmək bacarığı, şəxsi keyfiyyətləri, bilik və bacarıqları, eləcə də seçki platforması barədə ətraflı məlumat verdilər, onun millət vəkili seçilməyə layiq olduğunu vurğuladılar .
Görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az