![]()
Mingəçevirdə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
AYB Mingəçevir Bölməsinin təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbir Ulu öndər Heydər Əliyevin və Xalq şairi Səməd Vurğunun abidələrinin ziyarəti ilə başlayıb. Tədbirin bədii hissəsi Mingəçevir Dövlət Dram Teatrının kiçik zalında davam edib.
Tədbirin əvvəlində Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. AYB Mingəçevir Bölməsinin sədri, şair Elşən Əzim yubiley mərasimini açaraq Səməd Vurğun poeziyasının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıb.
Tanınmış ədəbiyyatşünas, AYB-nin üzvü Ramiz Göyuşov Xalq şairinin poeziyası haqqında geniş və məzmunlu çıxış edib, məşhur “Azərbaycan” şeirinin yaranma tarixi barədə maraqlı məlumatlar verib. Filologiya üzrə fəlsəfə doktoru Mayıl İsmayılov Səməd Vurğunun müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən bəhs edib, Ənvər Rzanın ingilis dilinə tərcümə etdiyi şeirlərdən nümunələr gətirib.
Sumqayıt Poeziya Klubunun direktoru, AYB-nin Poeziya sektorunun rəhbəri, tanınmış şair İbrahim İlyaslı Səməd Vurğun şeirlərinin rəvan dilindən və poetik çalarlarından danışıb. Mingəçevir Veteranlar Şurası sədrinin müavini Rizvan Mikayıllı çıxışında şairin “Vaqif” pyesinin müxtəlif dövrlərdə, hətta kənd klublarında nümayiş etdirilən tamaşalarından yadda qalan məqamları vurğulayıb.
Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında şairin “Muğan” poeması əsasında hazırlanmış səhnə kompozisiyası və rəqs tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aşıq Qoşqar, Aşıq Hikmət və Mingəçevir Dövlət Universitetinin tələbəsi, gənc şair Ramil İbrahim Xalq şairinin şeirlərini aşıq havaları ilə ifa ediblər. Üzeyir Hacıbəyov adına Mingəçevir şəhər 1 nömrəli 11 illik Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunub.
Gənc qiraətçilər Amil Gəray və Jalə Səmədova Səməd Vurğunun şeirlərini səsləndiriblər.
Sonda gənc iştirakçılara, aktyorlara və musiqiçilərə fəxri fərmanlar təqdim edilib.


















Subyekt.az