![]()
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir Bölməsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində yazıçı İlqar Orduxanlının “Parçalanmış talelər” kitabının təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin rəhbərliyi, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, gənclər və kitabsevərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB Mingəçevir Bölməsinin sədri, şair Elşən Əzim “Parçalanmış talelər” kitabının bədii və elmi-publisistik əhəmiyyətindən danışıb. O, müəllifin öz nəsil şəcərəsi ilə bağlı apardığı araşdırmaları tarixi yaddaşın və ailə salnaməsinin qorunması baxımından əhəmiyyətli hesab edib, həmin materialların bədii nəsr üslubunda təqdim olunmasını yüksək qiymətləndirib.
Çıxışlarda kitabın əsas məziyyətlərindən birinin müəllifin şəxsi nəsil tarixini daha geniş ictimai-mədəni yaddaş kontekstində təqdim etməsi olduğu vurğulanıb. Əsərdə müəllifin babası, nakam taleli tanınmış el şairi Firudin Salehzadənin həyat və yaradıcılığına, eləcə də onun poeziya nümunələrinə geniş yer verilməsi təqdimat mərasiminin əsas mövzularından biri olub.
Tədbir iştirakçıları Firudin Salehzadənin yaradıcılığından nümunələrin səsləndirildiyi bədii proqramı da maraqla izləyiblər. Gənclərin ifasında şairin şeirləri qiraət olunub. Aşıq Elburus və Aşıq Qoşqarın ifasında Firudin Salehzadənin qoşma və gəraylıları təqdim edilib.
Tədbirdə çıxış edən Zahid Muxtar, Rizvan Mikayıllı, Əhməd Əfsun, Məmməd Mərzili, Zümrüd Rəhimova, Rahilə Həsənova, İnqilab Şirinli, Firuz Qanboyoğlu, Ləman Bəylərova və digər iştirakçılar “Parçalanmış talelər” kitabı barədə fikir və mülahizələrini bölüşüblər.
Çıxışlarda əsərin yalnız bir nəslin tarixini əks etdirən kitab kimi deyil, eyni zamanda keçmişlə bu gün arasında mənəvi bağ yaradan, ailə yaddaşını, milli-mədəni dəyərləri və fərdi taleləri bədii müstəvidə bir araya gətirən ədəbi nümunə kimi əhəmiyyəti qeyd olunub.
Sonda kitabın müəllifi İlqar Orduxanlı çıxış edərək “Parçalanmış talelər” əsərinin ərsəyə gəlməsi və təqdimatının keçirilməsində göstərilən diqqətə görə tədbirin təşkilatçılarına, çıxış edənlərə və iştirakçılara minnətdarlığını bildirib.
Təqdimat mərasimi kitabın müəllifi ilə iştirakçılar arasında fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

























Subyekt.az