![]()
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlərin aparıldığını bildirib.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.
Yeni mexanizmin tətbiq olunması əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımızın işlədikləri müddətin saatlar üzrə nəzərə alınmasına və onların əməkhaqlarında artımların reallaşmasına səbəb ola bilər. Eyni zamanda, vətəndaş saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran amillərdən olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almalarına səbəb ola bilər. Bütövlükdə bu, inkişaf etmiş ölkələrdə tətbiq edilən yeni bir mexanizmdir və onun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.
Təbii ki, bu zaman meyarlar müəyyənləşdiriləcək. Eləcə də saatlıq əməkhaqqı üçün minimum məbləğlər müəyyən olunacaq. Saat üzrə minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum məbləğlərə uyğunlaşdırılmalı və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələdə razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir.
Subyekt.az