
Milli dəyərlərimiz Azərbaycan kinosu
İnsanın fantaziyası və istedadı olarsa, gec-tez üzə çıxacaq. Hətta ona mane olan qüvvələr və rejim öz müqaviməti ilə son nəticədə istedadın çiçəklənməsinə səbəb olacaq… Sivil dünyanın başlıca atributlarından sayılan kino sənəti özünün hardasa 128- 130 illik yubileyini qeyd edir. Ötən əsr ərzində kino özünü təsdiq etdi, yaşadı, formalaşdı, ictimai şüura güclü təsir göstərdi.
Azərbaycanda ilk teatr, ilk qəzet, ilk opera, ilk bədii film. Bunlar hamısı mədəniyyətimizin tarixi anlarıdır ki, bizi sivil dünyaya yaxınlaşdırır. Və kino sənətimizin, daha doğrusu, bədii kino tariximizin 1916-cı ildən başlaması sözsüz ki, əlamətdar hadisə, əlamətdar yubileyidir. Hələ düşünəndə ki, kino özü 1895-ci ildə ərsəyə gələn yeni sənətdir, ölkəmizdə bu sənətin tezliklə əxz olunmasını yüksək qiymətləndirmək lazımdır.
1895-ci ildə Fransada Oqüst və Lui Lümer qardaşlarının əsasını qoyduğu kino bəşər mədəniyyəti tarixində böyük səhifə açmışdır. Kino bizi əhatə edən maddi aləmin gerçək ekran obrazını böyük ustalıq və inandırıcılıqla yarada bilir.
Kinonun bir sənət əsəri kimi təşəkkülündə teatr, ədəbiyyat, rəssamlıq, qrafika və s. kimi bədii yaradıcılıq sahələri əhəmiyyətli rol oynamışdır. Ədəbiyyat kinoya əvvəlcə ssenari yazısı, daha sonra müstəqil janr olan ədəbi kinossenarini, musiqi isə ritm və tempi bəxş etmişdir. Bütün bunlar göstərir ki, kino yarandığı dövrdən etibarən sintetik, zaman-məkan sənət növü kimi təşəkkül tapmağa başlamışdır.
Bu gənc sənətdir və kinonun meydana gəlməsinə təkan verən amil hərəkət edən fotoqrafiyanın ixtira olunmasıdır. Onu bəzən sadəcə olaraq hərəkət edən fotoqrafiya da adlandırırlarmış. Çünki hərəkət edən təsvir kinematoqrafiyanın əsasını təşkil edir. Kinematoqrafiya yunanca “hərəkət” və “yazıram” deməkdir.
Azərbaycan milli kinosu tariximizin salnaməsidir
Azərbaycanda isə bu sənətin tarixi 1898-ci ilə təsadüf edir. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika sujetləri və bir bədii kinosujetdən ibarət idi. Azərbaycanın ilk bədii filmi isə 1915-ci ildə çəkilişinə başlanılan “Neft və milyonlar səltənətində” adı ilə tanınıb. Kino janrları içərisində hər zaman böyük maraqla qarşılanan kinokomediyaların çəkilişində isə Azərbaycanda 1916-cı ildən başlanılıb. İlk kinokomediya Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilib.
İlllər keçdikcə, texnika inkişaf etdikcə kino sənətində də yüksəlişlər özünü büruzə verməyə başlayır. XX əsrin ortalarında Azərbaycan kino tarixinə öz möhürünü vurmağı bacarmış əsl sənət numunələri işlənib hazırlanır. Özündə bədiiliyi, tarixi, mədəniyyəti, dövrün içtimai görünüşünü, milli mintaliteti, fantastik düşüncə tərzini, fəlsəfi baxışları ehtiva etdirən kinolar eyni zamanda da insanların hazırki ən gözəl istirahətlərini təşkil edirlər. Xüsusilə də son zamanlarda texnologiyanın inkişafı, yeni formatların, effektlərin gətirilməsi bu sevimli sahəni insanlar üçün daha da baxımlı edib. Kino rejissor, operator, aktyor işinin vəhdətindən əmələ gələn bir başqa ağır və məsuliyyətli işlər də var. Keçirilən müxtəlif festivallar, verilən müxtəlif mükafatlar əməyə verilən dəyərin bir nümunəsidir. Dünyanın ən məşhur kino mükafatı kino mükafatı hazırda “Oskar mükafatı” hesab olunur. Bu mükafat kino sahəsindəki ən yaxşılara verilir. Ancaq onu da unutmaq olmaz ki, kinoya ən böyük qiyməti tamaşaçı ordusu verir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”.
Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlərin janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 120 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. bir bədii kinosüjetdən ibarət idi. 1915-ci ildə isə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Azərbaycanda kino yaradıcılığı dövrü sovetlər dövründə nailiyyətləri ilə yadda qaldı. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılıb. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə istehsal olunub. Bu gün də dəfələrlə izlənilməsindən asılı olmayaraq yenə də sevə-sevə baxdığımız filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə, çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.
Bu kino ki var…
Müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Məlum olduğu kimi, müstəqillik əldə etdiyimiz ilk illərdə kino sahəsində də ciddi problemlər yaşandı. Azərbaycan kinosu ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul olundu. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, filmlərin qorunması təmin edildi. 18 dekabr 2000-ci il tarixli Ulu Öndərin Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb. 2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” artıq öz müsbət nəticələrini verməkdədir. Proqram kino sənətimizdə əsaslı yeniliklərin başlanğıcı oldu desək yanılmarıq. Bu gün milli kinomuz dünyada müstəqil Azərbaycan kinosu kimi tanınmağa başlayıb. Çəkilən filmlərimiz Azərbaycan simasını, özünəməxsusluğunu dünyaya tanıtdıra bildi. Tanınmış kinorejissor, “Humay” mükafatı laureatı Şamil Əliyevin “Çölçü” filmi 5 qitədə Azərbaycan bayrağını qaldıran filmdir. 32 beynəlxalq kinofestivalda olub, 12 mükafat alıb və bu, uğurun göstəricisidir.
Aynur Turan
Subyekt.az