
Millət vəkilimiz Mircəlil Qasımlı!
Sənə bir kəlbəcərli kimi, bu ləyaqətli,
bir o qədər də məsuliyyətli yolda mətinlik arzulayırıq
Azərbaycan xalqı bütün dövrlərin qəhrəman və mübariz xalqıdır. Biz qədimdən tarixin daş salnaməsinə həkk olan ilk dövlətin sahibləriyik: şanlı tarixə şan qatan xalqıq! Aslan, qurd oylağıdır məmləkətimiz. Mətin oğullar diyarıdır bizim yurd-yuvamız . Ər meydanında, döyüşlərdə, savaşlarda hünər göstərib, qalibiyyət bayrağımızı enməz edən neçə ərənimiz var: ən ağır döyüşlərdə belə qılıncları, silahları dilə gətirib onlar.
Bir də ən az onlar qədər mübariz olan, söz və siyasət meydanında qələmi, sözü ilə dunyanı silkələyən Azərbaycan oğullar yetirib millətimiz, xalqımız!
Bəli, siyasət meydanında söz demək də hər igidin işi deyil.
Bu, İlahinin bir töhfəsi, təkrarsız dühası, zəkasıdır.
Nə xoş bizim halımıza ki, bu gün də həmin söz və siyaət meydanında olanlarımız az deyil. Yeni nəsil, gələcəyin sahibləri olan gəncliyimizin ictimai-siyasi fəallığı sabahımızın bu gündən də parlaq sabahlarından xəbər verir! Gənclik gələcək deməkdir! Gənclik enerjidir! Gənclik varislikdir! Dərin və milli kökə bağlı fidanlardır. Onlara dövlətimiz və xalqımız tərəfindən göstərilən qulluq, etimada cavab olaraq zəka və düşüncələrini səmərəli fəaliyyətə yönəltmələri, ən azı, alqışlanmalıdır. Bu, əsl vətənkeşlikdir!
Belə gənclərimizdən birini də bu günlərdə kəşf etdik, üzə çıxardıq. Bax, buna görədir ki, kəlbəcərlıilər siyasi arenaya mətin addımlarla gələn Mircəlil Qasımlıya etimad göstərərərk Milli Məclisdə onları təmsil etməsi üçün xeyir-dualarını səslərini verməklə təsdiqlədilər.
Əzizimiz, gənc deputatımız, millət vəkilimiz, kökü müqəddəslərimizə bağlı olan Mircəlil Qasımlı, şükür, sənin də payına söz meydanında söz demək, şucaət göstərmək, xalqın xidmətində dayanmaq kimi şərəfli vəzifəni daşımaq düşdü.
Biz kəlbəcərlilər sənin gözəl amalına – xeyirxah missiyana, ziyalı görüşlərinə yaxşı bələdik. Bir də səni öz övladları , qardaşları qədər tanıyan şəhid anaları, ailələri, qazilər seçdilər. Sən 44 günlük Vətən savaşımızda hər zaman, hər an əsgərlərin, şəhid ailələrinin, qazilərin, bütün zərərçəkənlərin yanında, onların haqq səsi oldun.
Çox şadam ki, bu gün səni, öz layiqli övladını Azərbaycan xalqı və onun timsalında dünya tanıyacaq.
Biz bilirik ki, sən dünya siyasi arenasında öz sözünü demiş, mohrünü qoymuşlardan olacaqsan. Biz buna əminik. Sənin qətiyyətin, ziyan və biliyin bizə bunu söyləməyə əsas verir.
Sən xalqın övladı idin və bu günlərdə –1 sentyabr 2024-cü il tarixdə xalq səni övlad kimi seçdi.
Xalq sənə səs verdi. Dəyərli millət vəkilimiz, sən artıq bizim, kəlbəcərlilərin səsisən.
Kəlbəcərdən baş alan vətən sevgin hüdud tanımır və tanımıyacaq.
Biz kəlbəcərlilər sənin sevginin qədərsizliyinin şahidi olduq. İstədik ki, səsimiz olasan, sözümüz olasan!
1 sentyabr 2024-cü il tarxiAzərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə rəqiblərini xeyli geridə qoydun. Hələ təbliğat kampaniyasında digər namizədlərin də kəlbəcərlilərimiz olduğunu unutmadınız və haqqı olanın seçilməsini istədiyinizi hər görüşə gələndə xatırlatdınız. Onlara da uğurlar dilədiniz. Bu, sizin ziyalılığınız, dünyagörüşünüz və elə millət vəkilliyinə layiqliyinizi göstərirdi. Xalq heç vaxt səhv eləməyib. Bu dəfə də sizi seçməkdə, etimad göstərməkdə haqqı, ədaləti müdafiə etdi.
Beləliklə, Mərkəzi Seçki Komissiyasının nəticələrə əsasən verdiyi məlumatda seçkinin baş tutduğunu elan edəndə kəlbəcərlilər əmin idilər ki, (123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 50.7 faiz səslə ilk yerdə olduğunuzu eşidəndə sevincimizin hədi-hüdudu olmadı) Sən qalibsən, sən seçilənsən, sən sevilənsən! Sən layiq görülənsən!
Sənə etimadımız, güvənimiz sonsuzdur.
İnanırıq ki, sən Azərbaycan Respublikasının qalib prezidenti cənab İlham Əliyev dövlətçilik siyasətinin bundan sonra da uğurla davamına öz töhfəni verəcəksən! Dövlətimiz üçün misilsiz xidmətlər göstərəcək, heç zaman öz məfkurəndən dönməyəcəksən!
Biz buna əminik. Biz prezidentimizin uzaqgörən siyasətini dəstəkləyir, ona, dövlətimizə xidmət göstərən hər kəsin arxasındayıq! Sənə bu ləyaqətli, bir o qədər də məsuliyyətli yolda mətinlik arzulayırıq.
Dəyərli deputatımız Mircəlil Qasımlı, kəlbəcərlilər və bütöv Azərbaycan adından təbriklərimizi qəbul et. Uğurun uğurumuzdur, uğurun bol olsun, Vətən övladı!
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Subyekt.az” saytının təsisçi və baş redaktoru