Meksika Birləşmiş Ştatları Konqresinin
Azərbaycan-Meksika Parlamentlərarası
İşçi qrupuna
Hörmətli həmkarlar!
Bu məktubu Sizə, keçirtdiyimiz dərin narahatlıq hissləri ilə diqqətinizi Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı törədilən, beynəlxalq humanitar hüququn, eyni zamanda insan hüquqlarının ağır pozuntusu olan faktlara cəlb etmək məqsədilə ünvanlayırıq.
Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildən başlatdığı münaqişə Azərbaycan xalqını böyük müsibətlərə düçar etmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Köçkünlüyün arzuolunmaz nəticə kimi baş verdiyi digər münaqişələrdən fərqli olaraq, azərbaycanlıların deportasiyası Ermənistanın düşünülmüş etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin birbaşa hədəfi idi.
Bu vəhşiliklərin kökündə Ermənistanın siyasi isteblişmentində dərin kök salmış irqçilik siyasəti dayanır. İrqçilik Ermənistanda dövlət siyasəti kimi adi hal alıb və institutlaşdırılıb. Ermənistan öz ərazisində və otuz ilə yaxın müddətdə işğal altında saxlamış olduğu Azərbaycan torpaqlarında total və sistemli şəkildə etnik təmizləmə aparıb. Ermənistan azərbaycanlıları öz yurd-yuvalarından qovmaqla yanaşı, Azərbaycanın mədəni irsini kütləvi şəkildə məhv edib, təbii sərvətlərini qanunsuz şəkildə istismar edib, dövlət və şəxsi mülkiyyətini talan edib və Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalarla çirkləndirib.
Bu günlərdə Ermənistanın o dövrkü prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də etdiyi çıxışın videoyazısı ortaya çıxıb. Həmin çıxışında prezident Ter-Petrosyan azərbaycanlıların Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində etnik təmizləməyə məruz qoymalarını tarixi nailiyyət kimi qiymətləndirib. Əlavə şərh vermədən prezident Ter-Petrosyanın bəyanatından müvafiq çıxarışı olduğu kimi təqdim edirik:
“Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasya – və bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu.”
Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyət daşıyan bir dəlildir. Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir.
Vurğulamaq lazımdır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etdirilib. Levon Ter-Petrosyanın varisi, amansız hərbi cani, keçmiş prezident Robert Köçəryan “azərbaycanlılar və ermənilər arasında etnik və genetik uyğunsuzluq” kimi sərsəm və irqçi fikirləri təbliğ edirdi. Ermənistanın digər keçmiş prezidenti,hərbi cani Serj Sarqsyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlıların qətliamında öz rolu ilə açıq şəkildə öyünürdü. Vaxtilə “Qarabağ Ermənistandır” şüarı ilə təcavüzkar siyasət yürüdən hazırkı Baş nazir Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına imkan verməməklə sələflərinin irqçi siyasətini davam etdirir.
Beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər Ermənistanın dövlət səviyyəsində yürütdüyü bu cür bənzərsiz irqçilik siyasətinə və insan haqları pozuntularına biganə qalmamalıdır. BMT-nin üzvü və çoxsaylı beynəlxalq insan haqları konvensiyalarının iştirakçısı olan Ermənistan bu əməllərinə görə cavab verməlidir.
Buna görə də sizdən xahiş edirik ki, Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində yürütdüyü irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətini qınayasınız, Ermənistan hökumətini irqçi siyasətindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağa və bu məqsədlə Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırasınız.
Hesab edirik ki, bu məsələlərin həlli regionda ədalət, sabitlik və davamlı sülh üçün vacibdir.
Bu aktual məsələyə diqqətinizə görə təşəkkür edirik.
Hörmətlə,
Jalə Əliyeva
Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri,
filologiya elmləri doktoru, professor
Subyekt.az