![]()
Quba Tarix-Diyarşünaslıq Muzeyi yeni inkişaf mərhələsində
Quba Tarix-Diyarşünaslıq Muzeyinə 29 dekabr 2025-ci il tarixində öz ixtisası üzrə müdir vəzifəsinə təyin olunan Mehriban xanım Əliyeva rəhbərlik etdiyi ilk gündən etibarən bu mədəniyyət ocağına xüsusi qayğı ilə yanaşmış, onu şəhidlərimizin xatirəsinə həsr olunmuş müqəddəs bir məkan kimi qorumuşdur. Bir il ərzində muzeyin maddi-texniki bazasının gücləndirilməsi, çatışmayan avadanlıqların təmin olunması və zəruri təmir işlərinin aparılması istiqamətində mühüm addımlar atılmış, bu işlərin bir qismi şəxsi vəsaiti hesabına, bir qismi isə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun dəstəyi ilə həyata keçirilmişdir. Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan Quba Şəhidlər Muzeyi 1997-ci ildə inşa edilmişdir. İki otaqdan ibarət olan bu muzeydə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimizə məxsus minlərlə qiymətli əşya qorunub saxlanılır. Təəssüf ki, uzun illər baxımsız vəziyyətdə qalan muzeydə dam örtüyünün yararsız olması səbəbindən yağan yağış suları birbaşa şəhidlərimizin illərlə qorunan əşyalarının üzərinə tökülürdü. Bu acınacaqlı vəziyyət uzun müddət davam etmişdir.
Mehriban xanım vəzifəyə təyin olunduğu ilk gündən etibarən Şəhidlər Muzeyinin mövcud vəziyyətini aidiyyəti qurumların diqqətinə çatdırmış, muzeyin bərpasının tez bir zamanda həyata keçirilməsi üçün ardıcıl addımlar atmışdır. Rayon səviyyəli dövlət tədbirlərindən birində çıxışı zamanı bu məsələni Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun diqqətinə çatdıraraq kömək göstərilməsini xahiş etmişdir. Qısa zaman ərzində bu müraciət müsbət qarşılanmış və Şəhidlər Muzeyinin dam örtüyü tamamilə yenilənmişdir.
Eyni zamanda muzeyin daxili şəraiti də əsaslı şəkildə yaxşılaşdırılmış, köhnə və sınıq avadanlıqlar müasir mebellərlə əvəz edilmiş, işıqlandırma sistemi yenilənmiş, internet xətti, müşahidə kameraları və digər mühafizə sistemləri istifadəyə verilmişdir. Görülən bu işlər şəhidlərimizin əziz xatirəsinə göstərilən ən böyük ehtiram, ən dəyərli mənəvi töhfə olmuşdur.
Quba Tarix-Diyarşünaslıq Muzeyinin ikinci filialı isə Bakıxanov adını əbədiləşdirən Amsar kəndində yerləşən kiçik muzeydir. Ümid edilir ki, yaxın gələcəkdə bu muzey də xeyriyyəçi insanlar və ya müvafiq dövlət qurumlarının dəstəyi ilə təmir edilərək ictimaiyyətin istifadəsinə veriləcəkdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi dövründə, cəmi bir il ərzində Quba Tarix-Diyarşünaslıq Muzeyi sözün əsl mənasında yeni nəfəs, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Muzeydə hər ay mütəmadi olaraq keçirilən tədbirlər, xüsusilə şəhidlərimizin anım günlərinə həsr olunmuş mərasimlər yüksək səviyyədə təşkil olunur və rayon ictimaiyyətinin diqqətinə çatdırılır. Bu fəaliyyətlər muzeyin milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm rol oynadığını bir daha nümayiş etdirir.
Mehriban xanım özü də şəhid anasıdır. O, söhbət əsnasında bildirir ki, rəhbərlik etdiyi bu müqəddəs məkanı öz oğlu – şəhid Rəvan Əliyevin evi kimi sevir, ona xüsusi qayğı və məsuliyyətlə yanaşır. Onun bu yanaşması muzeyin hər guşəsində hiss olunur və görülən işlərin arxasında dayanan səmimi niyyəti açıq şəkildə göstərir.
Mehriban xanıma gələcək fəaliyyətində uğurlar arzulayır, inamla deyirik ki, bu gün yenidən bərpa olunan Şəhidlər Muzeyi şəhidlərimizin ruhuna verilən ən gözəl töhfələrdən biridir. Şübhəsiz ki, şəhidlərimizin ruhu bu diqqət, bu ehtiram qarşısında şaddır.
.
.
.
Firəngiz Sabirqızı
Subyekt.az