![]()
Ulu öndər H.Əliyevin 102 ci doğum gününə sayğı ilə.
” Böyük şəxsiyyət – ideya və əməlləri özündən sonra da yaşayan, daha böyük vüsət alan şəxsiyyətdir.”
İdeya və qoyduğu irsi, əməlləri bir xalqın parlaq gələcəyinin, qüdrətli dövlətin təməl prinsiplərini təşkil edən böyük şəxsiyyət, Ulu Öndər H.Əliyev adı tarixin qızıl səhifələrində yer alır. H.Əliyev sözün bütün mənalarında dahi, xalqını millət səviyyəsinə qaldıran nəhəng şəxsiyyətdir.
Böyük şəxsiyyətlər əslində doğulduğu gündə deyil, ideyası doğulanda doğulurlar və onların ömrü də ideyalarının ömrü qədərdir. İdeya o zaman gücə çevrilir ki, o sadəcə şüar olaraq qalmır, milli məfkurənin tərkib hissəsinə çevrilir. Bu nöqteyi nəzərdən H.Əliyev Azərbaycan xalqına iki dəfə lütf olunub. Bir ailənin oğul övladı kimi dünyaya gəlib, bir xalqın milli fəlsəfi ideyasını yaradaraq özü də o ideyayla birgə yenidən doğulub.
Bu qismətdirmi? …
İnsan dünyaya fərd kimi gəlir,ancaq həyat yolunu özü seçir. Böyük ideyalar, amallar uğrunda çalışıb, təhsillənib, bütün çətinliklərə sinə gərərək böyük bir xalqı öz ideyası ətrafında birləşdirib liderlik edərək əsl şəxsiyyətə çevrilib taleyini özü yazmaq hər insana nəsib olmur. Xarakter həyati reallıqların təsiri altında formalaşır, təkmilləşir, dəyişir.
Höte deyirdi: “İstedad sakit mühitdə yetişir, xarakter isə həyati qasırğalar içərisində bərkiyib möhkəmlənir.” H.Əliyev bu mənada tanrının Azərbaycan xalqına lütfüdür.
U.Çörçilin belə bir fikri var: ” Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir.”
H.Əliyev özündən sonrakı nəsilləri, Azərbaycanın gələcəyini düşünməklə birmənalı olaraq əsl dövlət xadimidir. Dövlət xadimi ifadəsi öz tərkibində liderlik,siyasət, iradə, müdriklik, ədalət prinsipi, mənəvi zənginlik kimi keyfiyyətləri daşıyır. Sadalanan keyfiyyətlər bu böyük insanın xarakteri, nəhəngliyini ifadə edən kəlmələrdir.
H.Əliyev bunlarla yanaşı həm də qibtə olunacaq artikulyasiyaya, bəlağətli, aydın nitqə sahib idi.
Natiqlik sənəti – əqlin zahiri təzahürüdür. Gözəl nitqə malik ağıllı, müdrik insana qulaq asanda vaxtı, zamanı unudursan.Əsl natiq bildiklərinin məna və dəyərini auditoriyaya çatdırmağı bacarır. H.Əliyev bu cəhəti ilə də dünya liderləri arasında öncüllərdən idi.
Onun böyük bir risqlə, ancaq inamla atdığı imzalar, sazişlər bu günün qüdrətli Azərbaycanına hesablanmış uzaqgörənlik idi. Uzun illər davam edən müharibə dəhşətləri, torpaqların işğalı olmasaydı Azərbaycan bu planların, ideyaların vaxtında çiçəklənməsiylə dünyanın bəlkə də inkişaf etmiş ölkələrindın idi.
Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü.
Bu misralar H.Əliyev şəxsiyyətinin böyüklüyü ilə tam bir vəhdət təşkil edir. Onun faciələrin qarşısını almaq, müharibə alovunu söndürmək üçün atdığı bu addım həm də Azərbaycan ordusunun tam formalaşaraq öz tarixi, dünyanın hüquqi müstəvisində tanınan ərazilərini geri qaytarması üçün şans, dövlətin gücünün artmasına hesablanan vaxt idi.
Bu gün H.Əliyev irsinin, H.Əliyev məktəbinin, H.Əliyev ocağının davamçısı, dövlət, xalq, ordu birliyini yaradaraq Dəmir Yumruqda birləşdirən, suverenliyimizin təmin olunmasına səbəb olan, “Böyük Qayıdış “ideyasını qibtə olunacaq şəkildə yerinə yetirən, bu günün qüdrətli Azərbaycanını yaradan, xalqın inamını, sevgisini qazanan Ali Baş Komandan İlham Əliyev fəaliyyəti ilə necə möhtəşəm genetikaya, irsə, xarakterə sahib olduğunu sübut edir.
Mən inanıram, biz inanırıq, Azərbaycan xalqı əmindir ki, xalqın xilaskarı, Ulu öndər H.Əliyevin ideyaları, yolu dövlətimizin ömrü qədər olacaqdır. Demək ki, bu irs əbədi olaraq yaşayacaq.
Xalqın böyük oğlu, xilaskarı Ulu öndərin xatirəsini böyük sevgi və hörmətlə yad edir, onun ruhu qarşısında ehtiramla baş əyirəm!
Vəsilə Cəfərova
YAP Kəlbəcər rayon təşkilatının 49 nömrəli tam orta məktəbin ƏPT sədri
Subyekt.az