ZAURUN SOLAN GÜLBƏNİZİ
Polkovnik-leytenant Zaur Cəfərovun ömür yolunun məşəqqətli köçkünlük, şərəfli hərbçilik, qürurlu şəhidlik məqamları
Subyekt.az Azərbaycan qəzetində Yasəmən Musayevanın Şəhid Zaur Cəfərov və ailəsi haqqında dərc olunan yazısını təqdim edir.
“Həsən bilsə də, Səlbiylə Zəhra atalarının şəhidliyindən hələ xəbərsiz idilər. Günlərlə onların atalarının harada olması barədə verdikləri aramsız suallardan qaçmağa, atalarının şəhid olduğunu onlardan gizlətməyə çalışdım. Amma nə vaxta qədər gizlədəcəkdim?! Nə zamana qədər onların gözləri qapıda qalacaqdı?!.
Zaurun “qırx”ı çıxandan sonra bir gün cəsarətimi toplayaraq uşaqları da götürüb getdim onun məzarına…
O anı görmək də, yaşamaq da dəhşət idi… Ayrı vaxtı balalarımızın gözlərindən bir damla yaş axmaması üçün dünyanı dağıtmağa hazır olduğumuz halda, indi onların məzar daşına sarılaraq fəryad qoparmalarına dözürdük…
Biz valideynləri çarəsizcə onları seyr edirdik – mən yerdən, atasının ruhu isə göydən…”
Əzablı illər
Kəlbəcərin Başlıbel kəndindən idi ikisi də…
1993-cü ilin aprelində Zaur 13, Gülbəniz isə cəmi 2 yaşı olanda doğma yurdlarından didərgin düşmüşdülər.
Kəlbəcərin sərt iqliminə bələd olanlar bilirlər ki, buranın apreli də qış kimi keçir. Şaxtası ilikləri donduran belə bir havada ailələri ilə birlikdə çovğunlu Murovun sərt və qarlı aşırımlarını pay-piyada, zülmlə keçə bilsələr də, bu, onların əksər qohumlarına nəsib olmamışdı.
Birinci Qarabağ müharibəsində bir neçə qohumu, eləcə də bibisi oğlu tankçı Yalçın Mustafayev şəhid olan Zaurun digər onlarla qohumu da Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən mühasirəyə alınaraq 113 gün boyu ağır günlər yaşamışdılar. Onların çoxu ermənilərə dirəniş göstərərkən qətlə yetirilmiş, bir neçə nəfəri qarlı yollarda şəhid olmuş, digərləri isə girov götürülmüşdü.
1993-cü ildə Başlıbeldə erməni mühasirəsində qalaraq kahalara sığınanlar arasında Gülbənizin də qohumları az deyildi. 18 aprel Başlıbel qətliamında xalası Büsat və onun körpə balası Zövqiyyə də şəhid olmuşdu, iki əmisi girov götürülmüşdü…
Beləcə, 30 ilin o üzündəki məşum aprel ayında uşaqların hərəsi ölkənin bir bölgəsində məcburi köçkünlüyün ağrı-acılı, məşəqqətli illərinə qədəm qoymuşdular.
Erməni vəhşiliyinə elə uşaq yaşlarından şahid olması Zaurun gələcək həyat yoluna və arzularına da yön vermişdi. Hərbçi olacağına, torpaqlarımızı işğaldan azad edəcəyinə, el-obasının, doğmalarının qisasını alacağına and içmişdi…
“Tale üzümüzü gülməyə qoymadı”
Tale Zaurla Gülbənizin yollarını Kəlbəcərdə yox, məcburi köçkün kimi Azərbaycanın başqa bir diyarında çarpazlaşdırmışdı. Bir gün gənc Zaur valideynlərinə qohumlarının qızı olan Gülbənizlə ömür yolunu birləşdirmək istəyini açmışdır. Oğullarının bu seçimi ata-anasını çox sevindirmişdi. Eləcə də Gülbənizin valideynləri bu izdivaca məmnunluqla “hə” demişdilər. Dərhal hazırlıqlar başlanmış, 2008-ci ilin iyulunda onlara toy çalınmışdı. Gənclər ailə səadətinə qovuşmuş, ana-ata olmağın xoşbəxtliyini yaşamışdılar. Tanrı onlara bir oğul, iki qız payı vermiş, adlarını Həsən, Səlbi, Zəhra qoymuşdular.
“İkimiz də uşaq yaşlarımızdan çox ağır günlərə tuş gəldik, məcburi köçkünlük həyatı yaşadıq. Hər kəs bilir, hərbçi həyatı necə çətin olur. Zaur ölkəmizin bir çox rayonlarında xidməti vəzifədə oldu, biz də onunla bərabər həmin yerlərdə kirayələrdə yaşadıq. Çətinlikləri birlikdə aşdıq, elə təzə-təzə özümüzə gəlib bir yerə çıxmaq istəyirdik ki, fələk üzümüzü gülməyə qoymadı. Zaur üç balasını da, məni də ağlar qoyub getdi…”
“Zəriflərin dünyası”nda şəhid polkovnik-leytenant Zaur Cəfərovun ömür-gün yoldaşı Gülbəniz Cəfərova ilə birlikdə qəhrəman şəhidimizin döyüş gündəliyini vərəqləyir, acılı-şirinli həyat yoluna nəzər salırıq…
“Ağır artilleriyanın atası”
Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilinə 1986-cı il şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 1993-cü ildə Kəlbəcərin işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub.
Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Zaur Cəfərov hərbi təhsilini 2001-ci ildə leytenant rütbəsi ilə bitirib. Ali Hərbi Məktəbi bitirərkən Dövlət Attestasiya Komissiyasının qərarı ilə ona “Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Xidmətinin böyük hissəsi Naxçıvanda – Əlahiddə Ümumqoşun Ordu Korpusunda keçib.
Zaur Cəfərov 2014-cü ildə imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Silahlı Qüvvələrin Hərbi Akademiyasının İxtisaslaşdırılmış elmi şurasının qərarı ilə ona 2016-cı ildə “Hərbi və dövlət müdafiəsini idarəetmə” ixtisasının “Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilib. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə yüksəlib və xidmətini birinci ordu korpusunda davam etdirib. Nümunəvi xidmətinə görə qısa müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Komandir yoldaşları hər zaman ona “Ağır artilleriyanın atası” deyərmişlər.
Polkovnik-leytenant 2016-cı il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşlərində öz əsgərləri ilə birgə rəşadətlə vuruşub.
Zaur Cəfərov 2020-ci il Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. O, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı dəfələrlə özü idarə edərək qənimət kimi gətirib. İgid komandirin Madagiz-Ağdərə istiqamətində rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Oktyabrın 3-də Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin və Murov dağ silsiləsinin işğalçılardan azad olunmasında müstəsna xidməti olub.
Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.
Zaur Cəfərov xidməti vəzifədə olarkən “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley və “İgidliyə görə” medallarına layiq görülüb.
Polkovnik-leytenant Vətən müharibəsində hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
2020-ci il oktyabrın 19-da polkovnik-leytenant Zaur Cəfərovun nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Elə bil ürəyinə nəsə dammışdı…
Gülbəniz xanım danışır ki, hərbçi olduğu üçün xarakterində müəyyən qədər sərtlik olsa da, Zaur Cəfərov ümumilikdə çox mehriban, ürəyiyumuşaq insan olub. Onların ailədə bir-birilərinə olan sevgiləri, hörmətləri hər kəs üçün nümunə göstərilib.
– Zaur o qədər mehriban, mərd, sadə insan idi ki, bu günə qədər də hər kəs onun mərhəmətindən, xeyirxahlığından danışır. Əsgərləri deyirlər ki, o bizimlə elə sadə rəftar edirdi ki, heç inanmırdıq ki, qərargah rəisidir, o boyda rütbənin sahibidir…
Polad Həşimovla İlqar Mirzəyevin şəhidlik xəbəri Zaura çox pis təsir eləmişdi. O, Naxçıvanda, Goranda İlqar Mirzəyevlə bir yerdə xidmətdə olmuşdu, Aprel döyüşlərində birlikdə vuruşmuşdular. Buna görə heç rahat ola bilmirdi, elə hey onların qisasını alacağını deyirdi. Ümumiyyətlə, uşaq yaşlarından onda düşmənə nifrət yaranmışdı, intiqam hissi ilə yaşayırdı.
Zaur aləsinə qarşı da çox həssas, qayğıkeş idi. Bizə korluq verməzdi, kirayə də olsa qaldığımız evlərdə hər cür şərait yaradardı. Nə qədər yorğun olsa da, axşam gələndə uşaqları yığardı başına, maraqlanardı ki, nə iş görüblər, nə oxuyublar, nə öyrəniblər? Ad günlərimizin, özəl günlərimizin birini də ötürməz, mütləq xüsusi sürprizlər edərdi. Özü gəlməsə belə hədiyyəmizi göndərərdi. 2020-ci il avqustun 20-də doğum günüm idi. Həmin zaman Goran qəsəbəsində qalırdıq. Cəbhədə vəziyyət gərgin olduğu üçün inanmırdım ki, o, ad günümə gələr. Qəfil qapı döyüldü və qapını açanda qarşımda Zauru görüb həm təəccübləndim, həm də çox sevindim. Mənə hədiyyə almışdı, tortu da bir yerdə kəsdik, şəkil çəkdirdik. Birlikdə olduğumuz ən şirin, ən xoşbəxt, ən sevincli son günümüzü yaşadığımızdan xəbərsiz…
Son zamanlar elə bil Zaurun ürəyinə nəsə dammışdı. Çünki istər Naxçıvanda, istər digər yerlərdə xidmətdə olarkən məzuniyyətləri olmuşdu, amma mən onu heç zaman 2020-ci ilin sentyabrın əvvəlində bir neçə günlük məzuniyyətindəki kimi görməmişdim. Elə bil tamam fərqli adam olmuşdu. Bütün gününü bizimlə keçirirdi, uşaqlarla deyib gülürdü, oynayırdı. Bir gün hamımızı parka apardı. Heç şəkil, video çəkdirməyi xoşlamazdı, amma nədənsə həmin gün telefonu mənə verdi ki, “uşaqların əlindən tutub uzaqdan gələcəm, bizi videoya çək”.
O an elə bil ürəyimdə nə isə qırıldı. Amma tez öz-özümə dedim ki, heç vaxt belə şey ola bilməz. Çünki Zaur çətin döyüşlərdən dəfələrlə salamat qayıtmışdı… Bəlkə də bununla o bizi çox arxayın salmışdı deyə, ayrılıq heç ağlıma gəlməmişdi, bilmirəm…
Son dəfə oğlu ilə görüşdü…
– Zaur hərbi sirləri heç zaman evdə danışmadığı üçün Aprel döyüşlərində iştirak edəndə də mənə bildirməmişdi. Sonradan xəbər tutmuşdum. Amma Tovuz döyüşləri zamanı hərbi texnikaların qaldığımız “N” saylı hərbi hissənin şəhərciyindən çıxması indi də gözümün önündədir. Zauru böyük nigarançılıq, təşviş, qorxu içərisində, göz yaşlarıyla döyüşə yola salmışdım. Hər zəng gələndə, qapı döyüləndə sanki ürəyim düşürdü.
O neçə günü səhərdən axşamacan uşaqlarla bir yerdə əl açıb dua edirdik ki, Zaur salamat qayıtsın. Aprel döyüşlərində də, Tovuz döyüşlərində də Allah onu bizə, balalarına bağışladı, geri qaytardı…
Amma Vətən müharibəsində yox…
2020-ci il oktyabrın 8-nə qədər gündə bir dəfə də olsa telefonla Zaurla danışırdıq. Danışa bilməyəndə də harada olsa imkan tapıb mesaj yazırdı ki, narahat olmayaq. Torpaqlarımız işğaldan qurtulduqca, ordumuz irəlilədikcə o elə qürurlanırdı ki… Mən həyatımda Zauru bu qədər sevincli görməmişdim. Ona deyəndə ki, özündən muğayat ol, gülürdü, deyirdi ki, “düşmən mənə heç nə edə bilməz, onlar mənimlə bacarmazlar!..”
Oktyabrın 6-da nəyəsə görə dedi ki, Həsəni görmək istəyirəm, onu yanıma göndərərsiniz. Təkid etdim ki, “qoy biz də qızlarla gəlib səninlə görüşək”, dedi, yox, “bircə Həsən gəlsin…”
Dayısı ilə əmisi Həsəni atasının görüşünə apardılar. Zaur Həsənə deyib ki, “evin kişisi sənsən, anana, bacılarına, nənənə həyan ol”. Onlarla evə bir formasını da yuyulmağa göndərmişdi. Həmin formanı yudum, amma bir daha geyinmək özünə qismət olmadı…
Minaya düşdüyü üçün onun bütün paltarları, əşyaları, telefonu da ələ gəlmədi…
Şəhidliyindən bir neçə gün əvvəl idi, zəng vurub tapşırdı ki, qurban kəsib paylayaq. Dedim ki, “mən də sənə qurban demişəm, özün gələndə ikisini də kəsdirərik”, amma o, etiraz elədi ki, yox, “indi kəsdir…”
Ard-arda baş verən bütün bu hadisələr təbii ki, məni çox narahat edirdi, amma yenə ağlıma qara fikir gətirmirdim. Həmin günlərin birində səhər Həsən dedi ki, “yuxuda atamı görmüşəm, sinəsinə gerb, bayraq taxmışdılar…”
Dedim ki, “yəqin atanın rütbəsini qaldıracaqlar, həm də o, torpaqlarımız işğaldan azad edildikcə sevinir…” Nə biləydim ki…
Oktyabrın 9-dan 10-a keçən gecə Zaura nə qədər zəng vurdum, mesaj yazdım çatmadı. Haray elədim ki, “Zaura zəng çatmır…”
Bir neçə gün sonra anasıgilə Zaurgilin itkin düşmələri barədə məlumat vermişdilər. DNK analizi götürmüşdülər. Amma inanmırdım ki, Zaura nəsə olar. Ümidlə onun sağ-salamat olması xəbərini gözləyirdim. Haradasa ayın 13-ü olardı, yuxuda gördüm ki, o, mülki paltarda bir çayın kənarındadır. Ayaqlarının altında da hər cür gül-çiçək var. Durub yuxumu qohumlara danışdım. Demə onlar Zaurun şəhid olduğunu artıq bilirmişlər, mənə demirmişlər…
“Öz gözlərimi Səlbiyə vermək istəyirəm, amma…”
Gülbəniz xanım deyir ki, dörd il ötüb, amma hələ də uşaqları ovuda bilmir. Övladları atalarının şəhidliyini bilsələr də, yoxluğunu qəbullanmırlar. Hər qapı döyüləndə, atalarının maşınına oxşar maşın görəndə… gözləri dörd olur.
– Hərdən Səlbi gecə durub dəhlizdə gəzir. Soruşuram ki, “Səlbi, nə axtarırsan?” Deyir ki, “atam evə gəlmişdi, burdaydı. Əlimi uzadıb ondan yapışmaq istədim, yoxa çıxdı…”
Zaurun balalarının üçü də özü kimi qürurludur. Məni ağlayan görəndə oğlum böyük kişi kimi təskinlik verir ki, “ana, qürurlan ki, o cür vətənpərvər zabitin həyat yoldaşısan”, “Biz atamı yaşatmalıyıq…” Ancaq öz göz yaşlarını məndən gizlədir… Dəfələrlə olur, səhərlər baxıram ki, uşaqların balışları yaşdır… Amma ağladıqlarını bildirməməyə çalışırlar…
Həsənin və Səlbinin ən kəskin həddə anadangəlmə görmə məhdudiyyəti var. Həsənin bir gözü, Səlbinin isə hər iki gözü görmür. 4 yaşından Səlbini müalicə üçün hara aparsaq da, çarəsi olmadı. Mən öz gözlərimi ona vermək istəyirəm, amma təəssüf ki, bu da dərdimizə dəva deyil.
Səlbi böyrək çatışmazlığından da əziyyət çəkir. Keçən ilin yayında onun vəziyyəti ağırlaşdı. O, YAŞAT Fondu tərəfindən Yeni Klinikaya yerləşdirildi və bir ay yarım orada qalaraq müalicə olundu və evə buraxıldı.
İndi həftənin üç günü Səlbini dializə aparıram, səhərdən axşama qədər xəstəxanada oluruq. Digər günlər də onun analizləri, müayinələri keçirilir. Hələlik ona böyrək köçürmək də mümkün deyil…
Bütün bu əzablara görə bir yana baxanda deyirəm, “kaş atası yanımızda olaydı”. Xəstəxanaya, harasa aparanda 13 yaşlı uşağı qucağıma götürüb maşına qoyuram, düşürürəm. Öz-özümə deyirəm ki, Zaur yanımda olanda bir dəfə mən qucağıma götürəndə bir dəfə də o götürərdi… Amma digər yandan da deyirəm ki, “yaxşı ki bu çətinlikləri görmür, o, balalarıyla nəfəs alırdı…”
Zaur çox imanlı idi, namazını, orucunu bir dəfə də ötürməzdi. Özü də seyid nəslindəndir. Övladları da özü kimi imanlıdırlar. Onun yarımçıq qalmış namazını indi Səlbi davam etdirir…
İndi günümüzün çoxu məzarlıqda keçir. Bəzən düşünürəm ki, travmalı uşaqlardır, qoy bir az ara verim, aparmayım məzarlığa. Amma ağlayırlar ki, “ana, apar bizi atamızın yanına”. Məcbur olub aparıram. Onda üçü də başlarını atalarının şəkli həkk olunmuş daşa söykəyib elə hönkürürlər, ağlaya-ağlaya ataları ilə elə “danışır”lar ki, baxanda ürəyim parçalanır… Qaranlıq düşür, amma mən uşaqları atalarının qəbrindən qoparıb evə gətirə bilmirəm…
“Mən şəhid Zaurun Səlbi qızıyam”
Qəhrəman şəhidin həyat yoldaşı söyləyir ki, arzusu uşaqlarının sağalması, onları atalarının istədiyi kimi böyütməkdir. 15 yaşlı Həsənlə 13 yaşlı Səlbi 5 nömrəli gözdən əlillər məktəbində oxuyurlar. Həsən böyüyəndə hüquqşünas, 9 yaşlı Zəhra isə müəllim olmaq istəyir. Səlbi də çox istedadlıdır. Gözəl şeir söyləmək qabiliyyəti var…
Səlbinin qəhrəman atasına həsr edilən şeiri necə yanğı ilə söyləməsi ilə bağlı sosial mediada paylaşılan videoya baxan hər kəs qəhərlənir…
Bilirsən, ay ata, mən də səninçün,
Qürurla dayanıb deyəcəm şeir.
Mən şəhid Zaurun Səlbi qızıyam,
Qoy bütün bu dünya eyləsin seyr…
– Zaur Vətən yolunda canından, ailəsindən, üç körpə övladından keçdi. Onun qəhrəmanlığı başımızın tacıdır. Arzumdur ki, bir daha müharibə olmasın, biz çəkdiyimizi kimsə çəkməsin… Analar gözüyaşlı, yoldaşlar boynubükük, balaların isə gözləri qapıda qalmasın.
Bu yaxınlarda Qarabağa getdik. O torpağa ayaq basanda şükür etdim. Suqovuşanda oldum, uzaqdan da olsa Zaurun şəhid olduğu yeri gördüm. O torpaqların hər qarışı ziyarətgahdır, hər qarışında qan damlası var, bir cavan həyatını itirib… Zaur bu günləri görməyin həsrəti ilə yaşayırdı. Həmişə deyirdi ki, “qayıdacağıq öz torpaqlarımıza, illərin həsrəti bitəcək, şəhidlərimizin qisası alınacaq”. Özünə qismət olmasa da, övladları Kəlbəcərə, Başlıbelə dönüb onun arzularını yaşadacaqlar.
Zaur yanımda olsaydı…
Torpaqlarımızın azadlığı uğrunda çox qəhrəman oğullarımız özünü fəda etdi. Çox ailələrə şəhid atəşi düşdü, çox ailələr başsız qaldı. Çox uşaqlar, körpələr ata üzünə həsrət qaldı. Ataları şəhid olandan sonra ata hənirinin nə olduğunu heç zaman duya bilməyəcək körpələr doğuldu…
Amma Cəfərovlar ailəsinin də faciəsi tamam başqa, tamam ayrı oldu. Həyatının bahar çağında ömür-gün yoldaşını itirən bir gənc qadın taleyin onun üçün cızdığı ağır işgəncəyə dönən həyat yolu ilə irəliləməyə məhkum oldu. Cavan yaşında bir saçını ağ, bir saçını qara hörən Gülbəniz bundan sonra yalnız Zaurun ona əmanət olan üç övladını böyütmək üçün yaşamağa çalışır. Zalım fələk bir tərəfdən də bu zərif xanımın çiyinlərinə dağdan ağır yük qoyub, ürəyinə gözləri həyat işığına həsrət, hər anı ölüm təhlükəsi qarşısında olan övladı Səlbinin zillətinin, ağrı-acısının da dağını çəkib.
– Payızı heç sevmirəm. Bu “ağlar” fəsil Zauru əlimizdən aldı. Hərdən düşünürəm ki, bu fəsildə yağan yağış deyil, bizim göz yaşlarımızdır dünyanı bürüyür…
Bir ana üçün gözünün qabağında övladının acı çəkməsindən böyük dağ yoxdur. Yediyim yemək də, içdiyim su da zəhərdir mənə…
Kaş Zaur yanımızda olaydı, balamızı birlikdə qoruyaydıq…
Mənim də çiynimi söykəyəcəyim arxa-dayağım olardı, bir az ürəkli, toxtaq olardım…
Amma…
Yasəmən MUSAYEVA,
İlham BABAYEV (foto)
Subyekt.az