
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Heydər Əliyev, Ümummilli lider
Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki, Azərbaycanda elə bir sahə yoxdur ki, Heydər Əliyevin o sahədə misilsiz xidmətləri olmasın. Eyni zamanda, onunla bağlı, hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Bir sözlə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Böyük azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başladı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübağiləsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir.
Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanıb, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradır.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.
Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bu günümüz üçün əsas oldu. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi – texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 20 ilə yaxın dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ümummilli lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc- mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.
“Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir”.
1969-1982 və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.
Azərbaycan deyiləndə ilk növbədə ümummilli lider Heydər Əliyev yada düşür. Azərbaycanın müasir tarixini bu böyük şəxsiyyətin keçdiyi mənalı və şərəfli həyat yolundan ayrı təsəvvür etmək olmur. Müdrik və uzaqgörən dövlət xadimi Azərbaycanın bugünkü və gələcək inkişaf yolunu müəyyən etmiş, onun iqtisadi və siyasi müstəqilliyinin əsasını qoymuş, bu müstəqilliyin əbədi və möhkəm bünövrəsini yaratmışdır.
Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Heydər Əliyevin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi , mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.
Bəli! Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər Heydər Əliyevin şəxsində qibtə ediləcək kamilliklə əks olunmuşdu. Dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət, dövlətçilik və azərbaycançılıq. Zaman keçdikcə bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük.
Azərbaycan ədəbiyyatının nümayəndələri Heydər Əliyevi həm zamanında qiymətləndirmiş, həm də haqq dünyasına qovuşandan sonra onun ruhuna ehtiram göstərərək, ulu öndərin millətimizə, milli dövlətçiliyimizə, Vətənimizə göstərdiyi misilsiz xidmətləri öz yaradıcılıqlarında vəsf etmiş, əsərlər yazmışlar.
Heydər Əliyev şəxsiyyətinə üz tutan hər şair, yazıçı bir tərəfdən öz aləmini zənginləşdirir, digər tərəfdən yazdığı əsər uğurlu alınarsa, bununla ulu öndərə daha bir abidə ucaltmış olur… Bu məqamda, artıq özü də haqq dünyasında olan Xalq şairimiz Zəlimxan Yaqubun sözlərini xatırlatmaq yerinə düşərdi: “Məndən soruşsalar ki, məhəbbətə, cəsarətə, sədaqətə, sənətə, təfəkkürə, fəlsəfəyə, poeziyaya heykəl qoymaq istəyirik, kimin heykəlini qoyaq? Deyərəm, Heydər Əliyevin!” Əlbətdə Heydər Əliyev kimi yaddaşlara hopmuş, ürəklərə köçmüş dahi şəxsiyyətlər haqqında əsərlər yazmaq şərəfli, şərəfli olduğu qədər çətin, məsuliyyətlidir. Belə əsərlərin müəllifləri hörmət qazanır, oxunur, sevilir.. gələcəkdə də oxunacaq-seviləcək…Yeni nəsillər Heydər Əliyev yaşamını, yolunu, istedadını da məhz yazılan bədii əsərlərdən öyrənəcəklər.
Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.
Baba Vəziroğlu,
Əməkdar incəsənət xadimi, şair
Qələmə aldı: Aynur Turan
Subyekt.az